Ötən ilin iyulunda Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticələnən motosiklet qəzası ilə bağlı açılmış cinayət işinə dair məhkəmə prosesi başa çatıb.
Msuavat.com "Teleqraf" a istinadla xəbər verir ki, məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırması zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti müvafiq sürücülük vəsiqəsi olmadan idarə edib.
Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km/saatdan artıq sürətlə idarə etdiyi bildirib. Onun sözlərinə görə, İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıyıb və onunla evlənmək fikrində olub.
İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.