AZ

Ağ Evin şifrəli mesajı və təhlükəli geri çəkilmə planı: ABŞ Avropa ölkələrini də “savaş bataqlığı”na sürükləyir

Yaxın Şərqdə yeni “hərbi-siyasi labirint”lə üzləşən Ağ Ev ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması prosesindəki rolunu tədricən azaltmağa çalışır... Ona görə də, Avropa ölkələri “qoca qitə”nin təhlükəsizlik maraqları baxımından, “sülh prosesi”ndə daha böyük hərbi-siyasi məsuliyyət daşımağa məcbur qala bilərlər...

Ukrayna müharibəsi ətrafında yaranmış qəliz situasiya “sülh danışıqları prosesi”ndə artıq yeni güc balansını və geopolitik transformasiyanı formalaşdırmağa başlayıb. Belə ki, Tramp administrasiyası ABŞ-ın “sülh masası”ndan geri çəkilmək niyyəti ilə bağlı mesajlar verir. Əvəzindəsə, Ağ Ev Ukrayna savaşı ətrafında cərəyan edən proseslərin hərbi-siyasi məsuliyyətini məhz Avropa ölkələrinin üzərində yükləməyə çalışır.

Ona görə də, qlobal məkanda ön plana keçməkdə olan proseslərə əsasən, Ukrayna müharibəsinin artıq yalnız regional qarşıdurma olmadığını da düşünmək olar. Belə ki, son baş verənlər bu savaş poliqonunun tədricən qlobal güc balansının yenidən qurulduğu əsas platformaya çevrildiyini göstərir. Xüsusilə də prezident Donald Trampın “ABŞ-ın Ukraynada olmaq məcburiyyəti yoxdur” açıqlaması bu geopolitik transformasiyanın əsas siyasi şifrəsi kimi də qiymətləndirilə bilər. Və bu bəyanat Ağ Evin strateji prioritetlərinin ciddi şəkildə dəyişdiyini, Ukrayna böhranının nizamlanma yükünün getdikcə daha çox Avropa dövlətlərinin üzərinə ötürüldüyünü göstərir.

6f6d5123-8ebe-4fb1-85de-ea6327c83c76.jpg 

Məsələ ondadır ki, Ağ Ev ABŞ-ın strateji geri çəkilməsi ilə Ukrayna savaşına münasibətdə “Avropalaşdırılmış müharibə” modelinin sınaqdan çıxarılmasına cəhd göstərir. Hər halda, prezident Donald Trampın indiki mövqeyi ABŞ-ın Ukrayna savaşına yönılik siyasətində mümkün yeni kursun ilkin əlamətlərini sezdirir. Böyük ehtimalla ABŞ “sülh prosesi”ndə birbaşa iştirakdan yayınaraq, daha çox dolayı təsir alətlərinə üstünlük vermək, Ukrayna savaşının nizamlanması üzrə əsas beynəlxalq yükü Avropa Birliyinin üzərinə atmaq niyyətindədir. Və bu, istənilən halda, NATO daxilində siyasi məsuliyyətin bölüşdürülməsi məsələsində ciddi ziddiyyətlərə bağlı gərginliyi daha da artıra bilər.

Təbii ki, məhz bu səbəbdən də, Ağ Evin NATO üzrə müttəfiqlərə diqtə etməyə çalışdığı bu yeni model artıq Qərb ölkələri arasında “Avropalaşdırılmış müharibə” ssenarisi kimi xarakterizə olunur. Belə ki, ABŞ-ın həm əsas diqqətini, həm də hərbi-siyasi resurslarını artıq məhz Çin və Yaxın Şərqə yönəltməyə məcbur qalıb. Və bu baxımdan, Ukrayna böhranının nizamlanması prosesi artıq Avropa ölkələri üçün bir tərəfdən təhlükəsizlik, digər tərəfdən isə siyasi legitimlik sınağına çevrilir.

Avropa Birliyinin bəzi detalları tədricən ortaya çıxmaqda olan Ukrayna planı isə hələlik yalnız müəyyən cavabsız suallar doğurmaqdadır. Belə ki, Brüssel tərəfindən rəsmi Kiyevə təqdim olunan üç əsas inteqrasiya klaster - iqtisadi inkişaf, yaşıl transformasiya və resurs siyasəti - Ukraynanın Avropa Birliyi sıralarındakı gələcək statusuna yönəlik müəyyən qənaətlər yaradır. Və Avropa Birliyinin Ukrayna üçün inteqrasiya sənədi formal olaraq üzvlüyə hazırlıq kimi təqdim edilsə də, əslində, daha genişmiqyaslı strateji məqsədlərin mövcudluğunu da biruzə verir.

af357e2409ec91f33c2b8032b6fc7d05.jpg 

Hər halda, həmin sənəddən belə anlaşılır ki, Brüssel Ukraynanın iqtisadi sisteminin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasını, enerji və resurs sektorunun “qoca qitə” bazarına inteqrasiyasını və Rusiya ilə müharibədən sonrakı dövrdə rəsmi Kiyevin infrastruktur asılılığının formalaşdırılmasını nəzərdə tutur. Və bu kontekstdə Ukraynaya yalnız potensial üzvlük deyil, həm də Avropa Birliyinin geopolitik orbitinə daxil edilən strateji məkan statusu ayrılıb.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, kollektiv Qərb daxilində liderlik böhranı və strateji parçalanma meylləri də müşahidə olunur. Belə ki, son vaxtlar Avropa siyasi elitasına qarşı yönələn sərt tənqidlər diqqəti çəkir. Xüsusilə də, Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen, Avropa diplomatiyasına rəhbərlik edən Kaya Kallas və NATO-nun baş katibi Mark Rütte kimi siyasi fiqurların mövqeyi kollektiv Qərb daxilində ciddi fikir ayrılıqlarına yol açır. Və bu ziddiyyətlər kollektiv Qərb daxilində parçalanma meyllərini gücləndirir, vahid geopolitik aktor kimi çıxış etməsini çətinləşdirir.

Təbii ki, bütün bunlar həm də kollektiv Qərbin Rusiyaya qarşı iqtisadi təzyiq strategiyasının effektivliyini də sual altında qoyur. Halbuki, Rusiya siyasi dairələrindən verilən açıqlamaların məzmunu onu göstərir ki, Ukrayna müharibəsi artıq yeni fazaya daxil olub. Kreml Ukraynanın PUA hücumlarının Rusiya ərazisinin dərinliklərinə qədər yayılmasından ciddi şəkildə narahatdır. Çünki Rusiyanın hərbi, enerji və nəqliyyat infrastrukturu artıq əsas hədəfə çevrilib. Ukrayna savaşı tədricən artıq klassik “cəbhə xətti” anlayışını aşaraq, “asimmetrik və hibrid müharibə” mərhələsinə keçməyə başlayıb.

4447df91-5887-47e0-a02c-cb640996ee21.jpg 

Bütün bunlardan belə anlaşılır ki, Yaxın Şərqdə yeni hərbi-siyasi problemlərlə üzləşən Ağ Ev ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması prosesindəki rolunu nisbətən azaltmağa çalışır. Ona görə də, Avropa ölkələri “qoca qitə”nin təhlükəsizlik maraqları baxımından, daha böyük hərbi-siyasi məsuliyyət daşımağa məcbur qalır. Və Rusiya müharibəni genişmiqyaslı təhlükəsizlik, eləcə də infrastruktur müstəvisinə keçirməyə çalışır.

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız iki qonşu ölkə arasında hərbi qarşıdurma deyil. Bu savaş poliqonu tədricən qlobal güc mərkəzlərinin yenidən formalaşdırılması üzrə prosesin əsas arenasına çevrilməyə başlayıb. Ona görə də, yaxın perspektivdə bu münaqişənin taleyinin yalnız Ukrayna və Rusiya arasında hərbi əməliyyatlarla həll edilə biləcəyi artıq qətiyyən inandırıcı görünmür. Və böyük ehtimalla məhz ABŞ-Avropa Birliyi ziddiyyətləri Ukrayna savaşının əsas inkişaf istiqamətlərini müəyyən edəcək önəmli faktora çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
105
12
musavat.com

10Mənbələr