AZ

Məhsullarını bizə yox, alqoritmlərə “təklif edəcəklər”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Süni intellekt çatbotlarına inteqrasiya edilən reklamlar rəqəmsal marketinqdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və istifadəçilərin məlumat əldə etmə vərdişlərini kökündən dəyişir.

“Qafqazinfo” xəbər verir ki, “OpenAI” fevralın 9-dan etibarən ABŞ-də “ChatGPT” platformasında reklamların sınağına başladığını açıqlayıb.

Bildirilir ki, bu reklamlar istifadəçinin söhbət mövzusu, əvvəlki dialoqları və reklamlara reaksiyası kimi amillər əsasında fərdiləşdirilir.

Məsələn, yemək reseptləri ilə maraqlanan istifadəçilərə ərzaq çatdırılması və ya hazır yemək xidmətləri ilə bağlı reklamlar göstərilə bilər. Şirkət qeyd edir ki, reklamçılar istifadəçilərin şəxsi məlumatlarına və söhbət məzmununa çıxış əldə etmir, yalnız ümumiləşdirilmiş və anonim statistik məlumatlar təqdim olunur.

Buna baxmayaraq, mütəxəssislər bu yanaşmanın hüquqi və etik risklər doğurduğunu bildirirlər. Koen Pauvels vurğulayır ki, süni intellekt sistemləri istifadəçilərin davranışlarını və emosional vəziyyətini əks etdirən daha dərin profillər yaradır.

O deyir ki, bu cür sistemlər ənənəvi axtarış motorlarından fərqli olaraq, istifadəçi niyyəti ilə yanaşı, şəxsi həssaslıqları da müəyyən edə bilər. Bu isə reklamların daha dəqiq hədəflənməsinə imkan yaratsa da, istismar risklərini artırır.

Ekspert əlavə edir ki, süni intellekt tərəfindən təqdim olunan cavablarla kommersiya məzmunu arasındakı sərhəd getdikcə daha da qeyri-müəyyənləşir və istifadəçilər neytral informasiya ilə reklamı ayırd etməkdə çətinlik çəkə bilər.

Bazarda rəqabət də güclənir. “Anthropic” öz çatbotu “Claude”da reklam inteqrasiyasının olmadığını açıqlasa da, analitiklər uzunmüddətli perspektivdə bu sahədə vahid standartların formalaşacağını istisna etmirlər.

Gələcəkdə süni intellekt agentlərinin istifadəçi adından alış-veriş, səyahət planlaşdırılması və digər qərarları verməsi gözlənilir. Bu isə rəqəmsal reklamın mahiyyətini dəyişdirərək, şirkətlərin məhsullarını birbaşa insanlara deyil, alqoritmlərə “təklif etməsi” kimi yeni bir reallıq yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
qafqazinfo.az

1Mənbələr