İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronu Tehranın Qətərə hücumları ilə bağlı açıqlamalarına görə tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Makron özünün X səhifəsində ABŞ Prezidenti Donald Tramp və Qətər əmiri Tamim bin Hamad Al Thani ilə İranın Qətər qaz obyektlərinə hücumları barədə danışdığını yazıb. O qeyd edib ki, mülki əhali və onların əsas ehtiyacları hərbi eskalasiyadan qorunmalıdır.
Makron əlavə edib: "Mülki infrastruktur, xüsusən də enerji və su obyektlərinə hücumlara dərhal moratorium tətbiq etmək bizim ortaq maraqlarımıza uyğundur".
Abbas Əraqçi isə Makronun şərhlərini "kədərli" adlandırıb və yazıb: "Makron İsrail-ABŞ müharibəsini bir kəlmə də olsun pisləməyib. O, İsrailin Tehranda yanacaq anbarını partlatması və milyonlarla insanın toksinlərə məruz qalması ilə bağlı məsələni qınamayıb. Onun hazırkı "narahatlıqları" İsrailin qaz obyektlərimizə hücumundan sonra deyil, cavabımızdan sonra yaranıb".
Aminə ŞAHSUVARQIZI