AZ

Korrupsioner Okampodan yeni “kampaniya”...

Əli hər yerdən üzülən “prokuror” son çırpınışlarını edir

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar sülhə doğru irəliləməkdədir. Ötən il Vaşinqtonda baş tutan Sülh Zirvəsi zamanı sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvinin reallaşması, Azərbaycanın Ermənistana yük daşınması ilə bağlı embarqonu aradan qaldırması, neft məhsulları ixrac edilməsi münasibətlərin normallaşmasının yekun sənədlə təsdiqlənəcəyini deməyə əsas verir. Bununla yanaşı, artıq Ermənistan Azərbaycanın sülhlə bağlı əsas şərtini yerinə yetirir - ölkə Konstitusiyasında müvafiq dəyişikliklər edilir, ölkəmizə qarşı əsassız torpaq iddiası aradan qaldırılır. Bütün bunlar isə sülhün yaxın zamanda imzalanması perspektivindən xəbər verir.

Təəssüfləndirici haldır ki, Ermənistanın Azərbaycanın sülh şərtlərini qəbul etməsi, ikitərəfli münasibətlərin normallaşması ilə bağlı müsbətyönümlü bəyanatlar verməsi fonunda bəzi anti-Azərbaycan qüvvələr yenə də “sakitləşmək bilmir”. Ölkəmizin beynəlxalq hüquq çərçivəsindəki davranışlarını həzm edə bilməyən bu qüvvələr hər hansı bir yolla sülh prosesinə kölgə salmaq, revanşizm toxumları səpmək, bölgənin sabitliyinə xələl vurmaq istəyirlər.

Yeni çirkin cəhd...

Maraqlıdır ki, artıq daha çox anti-sülh mahiyyət daşıyan bu addımların arxasından yenə də eyni cinayətkar, korrupsioner şəxsin “silueti” görünür - adını “hüquqşünas” qoymuş cinayətkar Luis Moreno Okamponun... Maddi maraqlarının girovuna çevrilmiş bu şəxs prosesin son nəticəyə doğru yaxınlaşdığı anda belə özünün çirkin əməllərindən çəkinmək istəmir. Belə ki, Okampo özünün feysbuk səhifəsində bildirib ki, Bakıda həbsdə olan erməni cinayətkarlar və Qarabağdan könüllü gedən ermənilərlə bağlı yeni kampaniya başlayacaq. Qeyd edək ki, Avropa Siyasi Birliyinin (AİB) 8-ci Zirvə Görüşündən əvvəl, mayın 4-də Böyük Britaniya, Norveç və İsveçrə kimi Avropa İttifaqına üzv olmayan ölkələr də daxil olmaqla, 40-dan çox ölkənin lideri İrəvanda toplaşacaq. Zirvə toplantısının məqsədi “ümumi strateji çağırışlara cavabları əlaqələndirmək”dir. Növbəti gün isə Ermənistanın Avropaya inteqrasiyasını dərinləşdirmək məqsədi ilə Aİ qurumlarının rəhbərlərini bir araya gətirən ilk Ermənistan-Aİ Zirvə toplantısı keçiriləcək. Okampo etiraf edib ki, Qarabağ mövzusu görüşlərin gündəliyində deyil: “Amma Avropa liderləri 120 min insanın tarixi vətənlərindən zorla qovulduğu reallığı ilə üzləşəcək. Girovların azad edilməsi, Ermənistanın müdafiəsi və Dağlıq Qarabağ xalqına hörmətlə yanaşmaq üçün sosial mediada yeni bir kampaniya başlayacaq”, - deyə korrupsioner Okampo yazıb.

Avropa adından manipulyasiya...

Okamponun bu çirkin cəhdi əslində “arxadan atılan daş”a bənzəyir. Birincisi, Qarabağ mövzusunun gündəlikdə olmaması Avropa məkanının həm sülh prosesinə dəstəyinin, həm də reallıqları qəbul etməsinin göstəricisidir. Avropa kontingenti Cənubi Qafqazın lideri və hazırki qlobal proseslərin aparıcı aktorlarından sayılan Azərbaycanın bölgə üzərindən yeni iqtisadi nizam təşəbbüslərini diqqətlə izləyir. Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanın son Bakı səfəri və verilən birgə bəyanat bunu təsdiqləyir. Yəni Okamponun ictimai rəyə sırımağa çalışdığı bu qeyri-real kampaniya sadəcə “bir aktyorun teatrı” sayılır. Təxminən 5 ildən artıqdır ki, Azərbaycana qarşı əsassız iddialar irəli sürən Okampo artıq son çırpınışlarını edir - özünün də etiraf etdiyi kimi, Avropa üçün Cənubi Qafqazın konfrantasiya dövrü arxada qalıb. Yeni dövrdə əsas gündəm regional əməkdaşlığın inkişaf etdirilməsi, yeni enerji layihələrinin reallaşdırılması, ticari - logistik əlaqələrin gücləndirilməsidir. Bir sözlə, Okamponun bu çirkin kampaniyası özünün “solo” ifasından uzağa getmir.

Okamponun yalanları...

Korrupsioner keçmiş prokurorun iddiaları da gülüncdür. Qarabağı könüllü şəkildə tərk edən ermənilərin adından manipulyasiya etməyə çalışan Okampo özü özünü biabır edir. Cəmisi bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin tribunasından bəyan etdi ki, Qarabağdan Ermənistana gələn insanların hamısına Ermənistan vətəndaşlığı veriləcək. Əslində, erməni baş nazir bu sözü ilə bütün dünyaya, ən əsası da manipulyativ oyunlarla sülhə mane olmağa çalışanlara bir mesaj ünvanladı - yəni artıq bu məsələ gündəmdən çıxıb. Okamponun yenidən bu məsələyə qayıtmaq cəhdi isə onu göstərir ki, hazırlanan çirkin oyunlar birbaşa sülhü hədəfə almaq niyyətindən doğur. Görünür, həyatını korrupsiyaya, çirkli pullara, şər və böhtan “lobbi”çiliyi üzərində qurulan maraqlara “həsr edən” Okampo sonuncu dəfə də olsa, qazanc əldə etmək niyyətindən əl çəkmir.

Cinayətkarları müdafiə “kampaniyası”...

Azərbaycan özünün bütün davranışlarında beynəlxalq hüququ əsas götürür - müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan dövləti beynəlxalq hüquqi əsas götürərək bir sıra cinayətlərdə günahlandırılan şəxslərin ədalətli mühakiməsini reallaşdırdı. Qarabağdakı xuntanın çöküşü ilə Azərbaycan xalqına və dövlətinə qarşı qeyri-qanuni fəaliyyət göstərmiş, cinayətlərdə günahlandırılan şəxslər Cinayət Məcəlləsinin müvafiq bəndləri əsasında saxlanılaraq mühakimə qarşısına çıxarıldı. Ən əsası isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verdilər. Bu şəxslər Azərbaycan qanunlarını pozmaqda, separatizmi yaymaqda, terrorda və digər məsələlərdə günahlandırılırdılar və cinayət araşdırması zamanı bütün məsələlər gün işığına çıxdı. Hətta bunlardan bəziləri, öz günahlarını geniş auditoriya qarşısında etiraf etdilər. Nəhayət, həmin şəxslərə qanuna müvafiq olaraq cəza verildi. Okamponun həmin cinayətkarlar üzərindən yenidən oyun qurması isə məsələnin əsl üzünü ortaya çıxarır - köhnə korrupsioner elə köhnə “şakərindən” əl çəkə bilmir. Təsadüfi deyil ki, bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiyada ittiham olunub - onun vaxtilə Qarabağ separatçılarına başçsılıq edən şəxslərlə, xüsusilə Araik Arutyunyan və Ruben Vardanyanla sıx əlaqələri olmuşdu. Onların həbsindən sonra isə külli miqdarda vəsait qarşılığında həmin şəxslərlə bağlı beynəlxalq təşkilatlara təzyiq göstərməyə və onların məsuliyyətdən yayınmasına nail olmağa çalışan Okamponun “oxu daşa dəymişdi”. Görünür, keçmiş koorrupsioner dələduz addımdarından çəkinmək fikrində deyil.

Okamponu yenə də eyni aqibət gözləyir - biabırçılıq, gülünclük. Çünki yalan üzərindən aparılan kampaniyalar heç bir zaman qalib gələ bilməz. Uğursuzluq isə Okamponun həyat tərzidir...

P.İSMAYILOV

Seçilən
78
1
yeniazerbaycan.com

2Mənbələr