AZ

Liderlərin öldürülməsi və onların əvəzlənməsi müharibənin sonunu gətirirmi?

Seyid Əli Xameneyi ilə başlanan İran rəhbərlərinin öldürülməsi davam edir. Öldürülən rəhbərləri əvəz edən çəxslər daha radikal mövqe ortaya qoyurlar və qarşı tərəflə danışıqlara getməkdən imtina etməklə yanaşı, körfəz ölkələri və İsrail ərazisini raket, dron hücumlarına məruz qoyurlar. Güman etmək olardı ki, Əli Laricaninin öldürülməsindən sonra onun yerinə gələcək şəxs nisbətən praqmatik qərarlar qəbul edər və inadçı mövqedən əl çəkib təslimçi kimi yox, danışıqlara hazır olduğunu nümayiş etdirən bir siyasət elan edər. Əksinə, Laricaninin yerinə təyin olunan Səid Cəlili hətta Laricanidən daha artıq sərt xətt yeridən, güzəştə getməyi qəbul etməyən, indiyədək nüvə danışıqlarını aparan, kəskin anti Amerika siyasəti tərəfdarı olan əsas fiqur kimi tanınır. Gəldiyi ilk andan İranın uzunmüddətli müharibəyə hazır olmasının, müharibəni genişləndirib regionun başqa ölkələrinə yayılmasının, hətta onun sərhədlərindən də kənara çıxmasının tərəfdarı kimi tanınan Cəlili də sabah öldürülərsə.., təəccüblü olmaz.
 
Yalnız xarici müdaxiləyə qarşı deyil, daxildə də etiraz edən müxalif qüvvələrə qarşı radikal siyasət tərəfdarı Cəlili bu ilin yanvar ayında rejimə qarşı etiraz edən şəxslərin yerindəcə öldürülməsi qərarının qəbul edilməsini irəlü sürən kimi tanınır. Nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqların əleyhinə olan bu şəxsin uranın zənginləşdirməsindən imtina etməyəcəyi də İran cəmiyyətinə məlumdur. Belə bir liderin tezliklə İsrail üçün hədəf olacağı şübhə doğurmur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Redkliff müharibənin bundan sonra hələ ən azı 4-6 həftə çəkəcəyini bildirdi. Bu o deməkdir ki, 18 günə 10-dan çox İran rəhbəri öldürülübsə, qeyd olunan müddətə hələ çox siyasi fiqurların aradan götürüləcəyi istisna deyil. Bu, İranda SEPAh-ın təkhakimiyyət sahibi olacağına gətirib çıxaracaq, çünki siyasi fiqurların əvəz edilməsində İran çətinlik çəkir. Faktiki olaraq Müctəba Xamneyinin simasında ali rəhbərliyin fəaliyyət imkansızlığı yaranıb, prezident Pezeşkianın səlahiyyətləri məhduddur və belə olan halda silahlı qüvvələrə geniş səlahiyyətlər verilir. Belə bir nəticənin isə yalnız bölgəyə deyil, bütün dünyaya həm iqtisadi, həm də siyasi, hərbi baxımdan əlavə fəlakətlər gətirəcəyi indidən görünür. Yaxın perspektivə İranda qeyri stabil situasiya yarana bilər. Bu vəziyyətin həm müharibədə körfəz ölkələrinə daha sərt hücumlarla, həm də daxildə daha qəddar repressiyalarla özünü göstərəcəyi çox ehtimal ediləndir.
 
 Yəni, Əli Xameneyinin, Laricaninin və sistemin digər yüksək rütbəli şəxslərinin itirilməsi nə qədər mərhələli əvəzedilmələrlə davam etsə də, sonunda müharibənin də, İranın da idarə edilməsində başıpozuqluğa gətirib çıxaracaq.
 
Bu müharibə yalnız İran üçün deyil, ABŞ və İsrail üçün və bütün dünya üçün də hərtərəfli problemlər yaradır və hər gün daha da mürəkkəbləşir. Bu, yalnız İsrailin raket hücumlarına məruz qalması ilə bitmir, körfəz ölkələrinin hərbi və mülki obyektləri hər gün İran tərəfindən vurulur. ABŞ isə bu hücumların qarşısını tam olaraq ala bilmir. Körfəz ölkələri də Vaşinqtona açıq təzyiq göstərir və müharibəni hansısa yolla dayandırmağı tələb edir. Yaranmış vəziyyətdə ABŞ-nin müharibəni dayandırması, hətta “qələbə” elan etməsi, bumeranq effekti verərək İranın qələbəsi kimi qəbul olunacaq. ABŞ-nin, prezident Trampın onsuz da aşağı olan nüfuzu tamamilə düşəcək və İran başda olmaqla, müttəfiqləri Çin, Rusiya da zəfər elan etmiş olacaqlar. Belə bir perspektivi Tramp da görür və bir-birini təkzib edən son bəyanatlarında İran bataqlığından necə çıxmağın optimal yolunu tapmaqda çətinlik çəkdiyi açıq görünür.
 
Bir gün əvvəl İranın Qətəri daha sərt vurması ilk növbədə Qətərin özünü, sonra digər körfəz ölkələrini İrana qarşı adekvat addımlar atmağa məcbur etdi. Qətər İranın hərbi və təhlükəsizlik attaşelərini arzuolunmaz şəxs elan edərək 24 saat ərzində ölkəni tərk etməsini tələb etdi. Səudiyyə Ərəbistanı da “səbrinin sonsuz olmadığını” bildirdi. Bu, onu göstərir ki, müharibədən sonra İranla körfəz ölkələrinin münasibətləri gərgin müstəviyə keçəcək və tezliklə yumşalası deyil. Əksinə, on illərdir düşmən kimi gördükləri İsraillə yaxınlaşma və normal münasibətlər yaratmağa meyllənmə prosesi başlayacaq.
 
 ABŞ, İsrail-İran müharibəsi həftələrlə, aylarla uzana bilər. Bu müharibə klassik müharibə formasında aparılmır ki, quru qoşunlar irəliləyib qarşı tərəfin mərkəzini tutsun və bayrağını ucaldıb qələbə elan edərək müharibəni bitirsin. Məhz bu səbəbdən ABŞ -ın nə qədər güclü ordusu olsa da, yalnız raket zərbələri ilə müharibəni bitirə bilmir. Yaxın günlərə quru qoşunlardan istifadə ola bilərmi? Tramp üçün bu ən çətin qərar olar, çünki belə olduqda Amerika daxilində bu müharibəyə etiraz edən siyasilər və cəmiyyətin müəyyən hissəsi daha aktiv fazaya keçə bilər. İndiki halda ən uyğun variant heç bir şərt irəli sürmədən atəşkəs elan edib danışıqlara başlamaqdır. Tərəflərin bu təşəbbüslə çıxış edəcəyi gözlənilmir. Deməli vasitəçi kimi üçüncü qüvvəyə ehriyac var. Bu qüvvə BMT, Avropa İttifaqı, ya da Çin ola bilər.
 
İlham İsmayıl
Seçilən
63
1
moderator.az

2Mənbələr