AZ

Dövlət qulluğunda yeni əməkhaqqı modeli: Nələr dəyişəcək və hansı perspektivlər olacaq?

“Dövlət qulluğunda əməkhaqqı sisteminin modernləşdirilməsi və vahid, sabit, proqnozlaşdırılan modelə keçirilməsi məsələsi müasir dövlət idarəçiliyinin əsas struktur komponentlərindən biridir. Bu istiqamətdə qəbul edilən yeni qanunvericilik aktları bütövlükdə dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş konseptual, sistemli və ardıcıl institusional islahatların tərkib hissəsi kimi qəbul olunmalıdır.

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi, hüquqi-normativ bazanın davamlı olaraq təkmilləşdirilməsi ilə yanaşı idarəçilik sisteminin insan kapitalı üzərində qurulması ilə müəyyən olunur. Dövlət qulluqçusu isə bu sistemin əsas daşıyıcısıdır. Bu baxımdan, dövlət idarəçiliyində əməkhaqqı siyasəti, sosial təminat mexanizmindən daha çox dövlətin strateji idarəetmə aləti funksiyasını yerinə yetirir”.

Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli KONKRET.az-a açıqlamasın da  səsləndirib:

CROSSMEDIA

“Yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, dövlət qulluğunda əməkhaqqı sistemi vahid struktur əsasında formalaşdırılır, müxtəlif və bəzən subyektiv amillərdən qaynaqlanan əlavələr aradan qaldırılaraq vəzifə maaşının tərkibinə inteqrasiya olunur. Bu yanaşma əməkhaqqının daha aydın, sabit və ölçülə bilən xarakter almasına zəmin yaradır. Nəticədə isə dövlət qulluqçuları üçün həm maddi təminat, həm də karyera planlaşdırması baxımından daha proqnozlaşdırılan mühit formalaşdırılır.

Qeyd edim ki, əvvəlki dövrlərdə əməkhaqqının əhəmiyyətli hissəsinin müxtəlif əlavələr hesabına formalaşması bir çox hallarda disproporsiyalara səbəb olur, eyni vəzifə kateqoriyalarında çalışan şəxslər arasında fərqli gəlir səviyyələri müşahidə edilirdi. Bu isə həm sosial ədalət prinsipini zəiflədirdi, həm də daxili motivasiya mühitinə mənfi təsir göstərirdi.

Dövlətimizin başçısının imzaladığı yeni qanunvericilik aktları bu problemi aradan qaldıraraq əməkhaqqı komponentlərini şəffaflaşdırır və standartlaşdırır. Vahid strukturun tətbiqi, ilk növbədə əməkhaqqı fərqlərinin obyektiv əsaslarla müəyyən edilməsini təmin edir, qeyri-rəsmi və subyektiv yanaşmaların qarşısını alır, dövlət qulluğunda hər kəs üçün bərabər imkanlar prinsipini daha da gücləndirir.

Bu isə öz növbəsində ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir”.

Deputat qeyd edir ki, bununla yanaşı, unutmaq lazım deyil ki, müasir dövrdə əmək bazarında dövlət və özəl sektor arasında ciddi rəqabət var.

“Özəl sektorun daha yüksək əməkhaqqı və sosial təminat imkanları təqdim etdiyi şəraitdə dövlət qulluğunun cəlbediciliyinin qorunması üçün rəqabətqabiliyyətli əməkhaqqı siyasəti həyati əhəmiyyət daşıyır.

Yeni yanaşma, bu baxımdan iki mühüm funksiyanı yerinə yetirir, dövlət sektorunun əmək bazarında mövqeyini gücləndirir, peşəkar və ixtisaslı kadrların dövlət xidmətinə cəlb olunmasını stimullaşdırır.

Beləliklə, sabit əməkhaqqı sistemi, ilk növbədə kadr axınının qarşısının alınmasına, dövlət sektorunun özəl sektor qarşısında rəqabətqabiliyyətli olmasına zəmin yaradır, institusional yaddaşı qoruyur.

Xüsusilə diqqətəlayiq məqamlardan biri ondan ibarətdir ki, əvvəlki sistemdə gənc və yeni qəbul olunan əməkdaşların maaşı nisbətən aşağı olurdu. Bu isə istər-istəməz işgüzar atmosferə öz təsirini göstərirdi. Yeni model isə bu disbalansı aradan qaldıraraq karyeranın ilkin mərhələsində belə layiqli əməkhaqqı təmin etməklə istedadlı gənclərin dövlət qulluğuna marağını daha da artırır.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Sabit və proqnozlaşdırılan əməkhaqqı sistemi fərdlərin sosial təhlükəsizlik hissini artırır, uzunmüddətli maliyyə planlaşdırmasını mümkün edir, dövlət aparatında institusional sabitliyi təmin edir.

Bu isə nəticə etibarilə dövlət idarəçiliyinin dayanıqlığını gücləndirir”.

E.Mirzəbəyli vurğulayır ki, korrupsiya ilə mübarizə yalnız hüquqi və inzibati tədbirlərlə məhdudlaşmır.

“Bu sahədə iqtisadi stimullaşdırma mexanizmlərinin düzgün qurulması da mühüm rol oynayır. Dövlət qulluqçularının aşağı və qeyri-sabit gəlirə malik olduğu mühitdə qeyri-rəsmi gəlir əldə etmək meylləri artır.

Yeni əməkhaqqı modeli bu baxımdan həm də önləyici mexanizm kimi çıxış edir. Dövlət qulluqçularının rifahının yüksəldilməsi isə, təcrübədə sınanmış bir mexanizm olaraq, qeyri-rəsmi gəlir axtarışının iqtisadi əhəmiyyətini azaldır, etik davranış standartlarını gücləndirir və institusional şəffaflığı artırır.

Beynəlxalq təcrübə göstərir ki, dövlət qulluqçularının əməkhaqqı siyasəti ilə korrupsiya səviyyəsi və idarəetmə keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur.

Bu baxımdan ən uğurlu nümunələrdən biri Sinqapur modelidir. Bu ölkədə 1970–1990-cı illərdə həyata keçirilmiş islahatlar çərçivəsində dövlət qulluqçularının əməkhaqları mərhələli şəkildə artırılaraq özəl sektorla müqayisə edilə bilən səviyyəyə çatdırılıb. Nəticədə isə dövlət qulluğu iqtisadi baxımdan cəlbedici sahəyə çevrilib, korrupsiya səviyyəsi kəskin şəkildə azalıb və bunun nətcəsində Sinqapur uzun illərdir ki, beynəlxalq indekslərdə ön sıralarda yer almaqdadır.

Eyni tendensiya Estoniya, Latviya, Sloveniya və Gürcüstan kimi ölkələrin təcrübəsində də müşahidə olunur. Bu ölkələrdə əməkhaqqı sisteminin modernləşdirilməsi dövlət xidmətinə peşəkar kadrların cəlbini artırıb, idarəetmə səmərəliliyini yüksəldib, korrupsiya risklərini azaldıb. Artıq dost və qardaş ölkələr olan Özbəkistan və Qazaxıstan da bu istiqamətdə zəruri islahatlar həyata keçirir.

Bundan əlavə, Avropa Komissiyası tərəfindən aparılan təhlillər də göstərir ki, bir çox Avropa ölkələrində əməkhaqqı sistemləri məhz mürəkkəb strukturların sadələşdirilməsi, vahid təsnifat modelinin tətbiqi, idarəetmə effektivliyinin artırılması məqsədilə yenidən qurulub.

Aparılan təhlil göstərir ki, dövlət qulluğunda əməkhaqqı sisteminin vahid, şəffaf, sabit və proqnozlaşdırılan model əsasında qurulması yalnız sosial siyasət addımı deyil, strateji idarəetmə qərarıdır.

Bu model dövlət aparatının peşəkarlığını və davamlılığını təmin edir, sosial ədalət və şəffaflığı gücləndirir, korrupsiya ilə mübarizədə effektiv iqtisadi alət kimi çıxış edir, dövlətin əmək bazarındakı rəqabət qabiliyyətini artırır, ictimai etimadı möhkəmləndirir.

Həmçinin, nəzərə almaq lazımdır ki, sabit və proqnozlaşdırılan əməkhaqqı sistemi dövlət büdcəsinin daha düzgün planlaşdırılmasına imkan verir, kəskin və gözlənilməz xərclərin qarşısını alır, makroiqtisadi sabitliyi qoruyur.

Bütün bu amillər fonunda Azərbaycan Respublikasında dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid uzunmüddətli institusional inkişafın əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
96
1
konkret.az

10Mənbələr