AZ

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat aparılır

Bakı, 19 mart, AZƏRTAC

Aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Aprelin 26-da isə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Taksi minik avtomobili sürücüləri 19 mart saat 15:00-dan 30 mart saat 23:59-dək, digər kateqoriyalardan olan şəxslər isə 19 mart saat 16:00-dan 16 aprel saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə və Bərdə regional bölmələrində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahanlar bir saat davam edir. Taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Seçilən
16
1
azertag.az

2Mənbələr