ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 291 ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32,5% və ya 35.4 milyon dollar, həcmi isə 4.9% və ya 4,9 min ton artıb.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan 108 milyon 999 min ABŞ dolları dəyərində 100.4 min ton meyvə-tərəvəz ixrac edib. Dövr ərzində ölkəyə 74 658.57 dollar dəyərində 83,8 min ton meyvə-tərəvəz idxal olunub.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 57,7 milyon dollar dəyərində meşə fındığı (4.5 min ton), 30.9 milyon dollar dəyərində xurma (38.6 min ton), 26.5 milyon dollar dəyərində pomidor (22.3 min ton), 17.6 milyon dollar dəyərində alma (22.6 min ton ), 2.7 milyon dollar dəyərində nar (3.1 min ton), 189.7 min dollar dəyərində kartof (189.4 ton) olub.
Ötən iki ayda meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.94%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 29.86%-ə bərabər olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 901 milyon 500 min ABŞ dolları dəyərində 845.9 min ton meyvə-tərəvəz ixrac edilib.
İqtisadçı- ekspert Xalid Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hazırkı artım müəyyən amillərlə izah oluna bilər:

“Azərbaycanın meyvə-tərəvəz ixracında müşahidə olunan son artımı tam mənada sabit və uzunmüddətli tendensiya kimi qiymətləndirmək düzgün olmaz. Çünki cəmi iki aylıq göstəricilər əsasında ümumi iqtisadi istiqamət haqqında qəti nəticə çıxarmaq risklidir.
Tendensiyadan danışmaq üçün ən azı bir neçə il ərzində davamlı artım dinamikası, mövsümi təsirlərin neytrallaşdırılması və bazar sabitliyi müşahidə olunmalıdır”.
O qeyd edib ki, ixrac və idxal arasında balans təlabatdan asılı olaraq dəyişə bilər:
“Azərbaycan xüsusilə iqlim və torpaq şəraitinə uyğun olan bəzi məhsullarda nisbi üstünlüyə malikdir. Bu səbəbdən həmin məhsullar üzrə istehsal həcmi daxili tələbatı üstələdikdə, artıq hissə ixraca yönləndirilir.
Bu isə aqrar sektorda baş verən təbii hadisələrdəndir. Bir tərəfdən, müəyyən məhsullar üzrə təlabatı ödədiyi halda artıqlıq yaranır və ixrac edilir, digər tərəfdən isə çatışmazlıq olan məhsullar üzrə xaricdən asılılıq davam edir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
ixrac Xalid Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.