AZ

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Baş nazir 17160 manat

1.2. Baş nazirin birinci müavini 15950 manat

1.3. Baş nazirin müavini 14850 manat 

1.4. nazir 13750 manat

1.5. digər mərkəzi icra hakimiyyəti 

orqanının və mərkəzi icra hakimiyyəti 

orqanına bərabər tutulan orqanın rəhbəri  13200 manat

1.6. nazirin birinci müavini  12650 manat

1.7. nazirin müavini, digər mərkəzi icra 

hakimiyyəti orqanının və mərkəzi icra 

hakimiyyəti orqanına bərabər tutulan orqanın 

rəhbərinin birinci müavini 12100 manat

1.8. digər mərkəzi icra hakimiyyəti 

orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər 

tutulan orqanın rəhbərinin müavini  11550 manat

2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilsin: 

2.1. Bakı şəhəri 13200 manat

2.2. Gəncə və Sumqayıt şəhərləri 9900 manat

2.3. digər şəhər, rayon və şəhər 

rayonu üzrə 8800 manat.

3. Müəyyən edilsin ki:

3.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və  tam ədədə (sonuncu rəqəmi "0" və ya "5" olmaqla) yuvarlaqlaşdırılır;

3.2. bu Fərman qüvvəyə minənədək bu  Fərmanın 1-ci və 2-ci hissələrində  nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

4. Bu  Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulsun.

5. "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması və "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 197 (Cild I); 2024, № 7, maddə 796) 1 - 4-cü hissələri ləğv edilsin. 

6. Bu Fərman  2026-cı  il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2026-cı il

Seçilən
75
40
azerbaijan-news.az

10Mənbələr