AZ

Sloveniyada yanacaq satışına məhdudiyyət qoyuldu

Sloveniyada yanacaq satışına məhdudiyyət qoyuldu

Sloveniya hökuməti Yaxın Şərqdə artan gərginliyin enerji bazarlarında yaratdığı tədarük təhlükəsizliyi narahatlıqları və logistik çətinliklər səbəbindən yanacaq satışına məhdudiyyət gətirərək, fərdi istehlakçıların gündəlik alışını 50 litrlə məhdudlaşdırıb.

AFN.az xəbər verir ki, hökumətdən verilən açıqlamada qlobal enerji bazarlarındakı dalğalanmalar və paylama zəncirindəki tıxanmalar səbəbindən yanacaq tədarükünə birbaşa müdaxilənin məcburi xarakter aldığı bildirilib. Qlobal bazarların yaxından izlənildiyi qeyd olunan bəyanatda paylama infrastrukturundakı axsamalarla bağlı hazırlanan təcili fəaliyyət planının qüvvəyə mindiyi diqqətə çatdırılıb.

Fövqəladə tədbirlər çərçivəsində yanacaq daşınmasındakı logistik maneələri aradan qaldırmaq məqsədilə Sloveniya Silahlı Qüvvələri vəzifələndirilib. Müstəsna tədbir kimi ordunun nəqliyyat bölmələri və hərbi personalı yanacağın anbarlardan yanacaqdoldurma məntəqələrinə daşınması prosesində birbaşa iştirak edəcək.

Ölkə daxilində sabahdan etibarən qüvvəyə minəcək yeni qaydaya əsasən, fərdi istehlakçılar gündə ən çox 50 litr, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fermerlər isə maksimum 200 litr yanacaq ala biləcəklər. Sözügedən məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq.

Tədarük zəncirindəki kəsilmələrin iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək məqsədilə dəmir yolu nəqliyyatında fövqəladə vəziyyət elan edilib. Bu çərçivədə İnfrastruktur Nazirliyinə daxili bazar üçün yanacaq daşıyan qatarların dəmir yolu hərəkətində mütləq üstünlüyünü təmin etmək üçün tam səlahiyyət verilib. Hökumət strateji ehtiyatların dolu olduğunu vurğulayaraq, yanacaq qıtlığı yaşanmaması üçün bütün logistik infrastrukturun koordinasiya edildiyini bəyan edib.

Seçilən
100
afn.az

1Mənbələr