AZ

Starmer İran müharibəsinin iqtisadi təsirləri ilə bağlı fövqəladə iclas çağırıb

BAKI, 23 mart. TELEQRAF

Böyük Britaniya hökuməti İran müharibəsinin iqtisadi nəticələrini müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar ertəsi ölkə iqtisadiyyatına təsirlərlə bağlı fövqəladə iclasa sədrlik edəcək. İclasda maliyyə naziri Reyçel Rivz və İngiltərə Bankının rəhbəri Endryu Beyli də iştirak edəcək.

Bildirilib ki, İranın regionda enerji obyektlərinə mümkün hücumları ilə bağlı açıqlamaları fonunda maliyyə bazarlarında yeni gərginlik gözlənilir.

Hökumət xüsusilə enerji təhlükəsizliyi, ailə və bizneslərə təsirlər, sənaye və təchizat zəncirlərinin dayanıqlılığı kimi məsələləri müzakirə etməyi planlaşdırır.

Qeyd olunur ki, Böyük Britaniya idxal olunan təbii qazdan yüksək asılılıq, davam edən inflyasiya və dövlət maliyyəsinin gərgin vəziyyətdə olması səbəbindən bu böhrana qarşı daha həssasdır.

Ekspertlər hesab edir ki, enerji qiymətlərinin artması inflyasiyanı yenidən yüksəldə bilər və bu il 5%-ə çatdırması istisna edilmir.

Eyni zamanda, dövlət borclanma xərclərinin də artdığı bildirilir. Belə ki, Böyük Britaniyada 10 illik dövlət istiqrazlarının gəlirliliyi son 20 ilə yaxın dövrdə ilk dəfə 5%-i keçib.

İngiltərə Bankı inflyasiyanı 2% hədəfində saxlamaq üçün tədbirlər görməyə hazır olduğunu açıqlasa da, faiz dərəcələrinin artırılıb-artırılmayacağı ilə bağlı yekun qərar hələ verilməyib.

Analitiklər maliyyə bazarlarında vəziyyətin daha riskli mərhələyə daxil olduğunu bildirirlər.

Seçilən
83
teleqraf.com

1Mənbələr