AZ

İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi

Son dövrlərdə belə bir tezis dövriyyəyə buraxılır ki, İranla qarşıdurmadan sonra növbəti hədəf Türkiyə ola bilər. Bu fikir emosional səslənir, amma geopolitika emosiyalarla yox, risk hesabı ilə işləyir.

Sual sadədir. Türkiyə vurula biləcək ölkədirmi? Cavab daha sərtdir. Türkiyə vurulması baha başa gələn ölkədir.

Qarabağ müharibəsindən sonra Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlər təsadüfi deyildi. Kanada elektro optik sistemləri dayandırdı, ABŞ mühərrik texnologiyalarını məhdudlaşdırdı, Avropa hərbi komponentləri blokladı. Məsələn, Almaniya Türkiyəyə tank mühərrikləri və güc sistemləri vermədi. ABŞ və Böyük Britaniya mənşəli mühərriklər səbəbindən Türkiyənin T129 helikopter ixracı belə bloklandı. Məqsəd Türkiyənin texnoloji damarını kəsmək idi. Amma nəticə tərsinə oldu.

SETA analizi açıq deyir: “The U.S. embargo… led Turkey to search for ways to sustain self-sufficiency”. (ABŞ embarqosu Türkiyəni özünütəminat yolları axtarmağa məcbur etdi.)

Akademik yanaşma bunu daha da sərt ortaya qoyur: “Sanctions… will accelerate domestic production”. (Sanksiyalar daxili istehsalı sürətləndirəcək.)

Və sürətləndirdi. Türkiyə xarici asılılığı azaltdı, öz texnologiyasını qurdu və müdafiə sənayesində sıçrayış etdi.

Təhlükəsizlik üzrə analitik Şaban Kardaş qeyd edir: “Türkiye… achieved a substantial degree of self-sufficiency and emerged as a major arms exporter”. (Türkiyə əhəmiyyətli dərəcədə özünütəminat əldə edib və əsas silah ixracatçısına çevrilib.)

Bu dəyişiklik kritikdir. Türkiyə artıq silah alan yox, silah satan ölkədir. Texnologiya bu yeni gücün əsasını təşkil edir. Türkiyə yalnız istehsal etmir. O, müharibənin qaydalarını dəyişir.

Analitik Arman Sidhu yazır: “Turkey has made significant strides in indigenizing its defense industry”. (Türkiyə müdafiə sənayesini lokallaşdırmaqda ciddi irəliləyiş əldə edib)

Bayraktar dronları Qarabağda və Ukraynada döyüş meydanını dəyişdi. Bu, artıq taktika deyil, konsepsiyadır.

Lakin bəzi dairələr Türkiyə ilə İranı eyni kateqoriyada göstərməyə çalışır. Bu isə strateji səhvdir.

İran sanksiyalar altında olan, iqtisadi və texnoloji baxımdan məhdud, əsasən raket, bəsit dron və proksi modelinə söykənən sistemdir.

Türkiyə isə NATO üzvüdür, qlobal sistemin içindədir, öz hərbi sənayesini qurub və ixrac edir. Bu fərq həlledicidir. İran hədəf ola bilər. Türkiyəyə hücüm ölümcül riskdir. Bu riski artıran əsas faktor isə ittifaqlardır.

Beynəlxalq münasibətlər üzrə realist məktəbin aparıcı nümayəndələrindən biri olan John Mearsheimer qeyd edir: “Great powers are very cautious about fighting states that are embedded in powerful alliances”. (Böyük güclər güclü ittifaqlara daxil olan dövlətlərlə müharibə aparmaqda çox ehtiyatlı olurlar.)

Türkiyə yalnız NATO çərçivəsində deyil. Ankara eyni zamanda Pakistan, Azərbaycan və Səudiyyə Ərəbistanı ilə dərinləşən hərbi və strateji əlaqələr qurur. Bu, regional gücün çoxqatlı təminatıdır.

İsrailin real strategiyası isə fərqlidir.Geosiyasi analizlər açıq göstərir: “Israel prefers limited, calculated operations rather than full-scale confrontation with major regional powers”. (İsrail böyük regional güclərlə genişmiqyaslı qarşıdurma əvəzinə məhdud və hesablanmış əməliyyatlara üstünlük verir.)

Bəli. İsrail böyük güclərlə geniş müharibə əvəzinə məhdud əməliyyatlara üstünlük verir. İsrailin modeli sürətli zərbə, aşağı risk, lokal hədəyə söykənir.

Türkiyə isə bu modelə uyğun deyil. Çünki lokal hədəf deyil, ona görə də Türkiyəyə hücum böyük riskdir.

Bu səbəbdən Türkiyə ilə qarşıdurma idarə olunan əməliyyat deyil, nəzarətdən çıxan müharibə riskidir. Caydırıcılıq məhz burada başlayır. Caydırıcılıq tankla yox, risklə ölçülür. Sual budur, hücum edən nə itirəcək?

Türkiyə ilə bağlı cavab aydındır: NATO faktoru, regional müharibə riski, cavab zərbəsi ehtimalı, iqtisadi və hərbi eskalasiya.

Bu qədər təminat varkən hücum qərarı artıq hərbi yox, strateji intihar riskinə çevrilir.

Geosiyasətdə məsələ təkcə güclü olmaq deyil. Məsələ həmin gücün necə qəbul edildiyidir.

Güclü ölkələr sadəcə mövcud olmur. Güclü ölkələr sayılıb seçilir. Onların gücü hesablanır və bu hesab əsasında qərarlar verilir.

Türkiyə artıq vurula bilən ölkə deyil. Türkiyə gücü hesaba alınan ölkədir.

Bu, yalnız texnologiya və ordu məsələsi deyil, həm də cəmiyyətin səfərbərlik potensialıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bunu belə ifadə edir: “Biz ordusu olan bir toplum değil, bizatihi kendisi ordu olan milletiz.”

Bu cümlə ritorika yox, strateji mesajdır. Çünki müasir müharibələrdə yalnız silah yox, iradə də döyüşür. Və bu iradə də hesab-kitabda yer alır. Zəif ölkələr vurulur. Güclü ölkələrdən isə çəkinirlər.

Türkiyə artıq vurulan yox, gücü hesaba alınan ölkədir.

Seçilən
85
5
editor.az

6Mənbələr