AZ

Müharibə bitməzsə: Ucuz mal dövrü arxada qaldı

ABŞ, İsrail və İran arasında müharibənin yaratdığı enerji böhranının qlobal iqtisadiyyatda inflyasiyaya səbəb olacağı, ticarət üçün vacib logistika mərkəzləri olan Körfəz ölkələrinin iqtisadiyyatlarına isə bu müharibədən ciddi ziyan dəyəcəyi gözlənilir. 

Qeyd edək ki, Azərbaycan neft-qaz ixracı ilə yanaşı, digər məhsullarla bağlı idxalçı ölkə sayılır. Müharibənin davam etməsi Azərbaycan bazarında qıtlıq və bahalaşmaya səbəb olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, müharibənin uzun müddət davam etməsi Azərbaycana ikili təsir göstərə bilər: 

"Çünki müharibə uzandıqca bir tərəfdən dünya bazarında neftin və qazın qiymətləri bahalaşır. Hazırda da qiymətlər yüksəkdir. Bu bahalaşma fonunda Azərbaycana valyuta axını çoxalır. Yəni biz qazanırıq, bu, bizim xeyrimizədir. Ancaq digər tərəfdən isə biz həm də idxaldan asılı ölkəyik. 

Ölkə əhalisinin gündəlik tələbatının yarıdan çoxu idxal hesabına qarşılanır. Neftin bahalaşması bütün istehsal məhsullarının həm maya dəyərini bahalaşdırır, həm də məhsulların qiymətinin artması ilə yanaşı, ölkəyə inflyasiya idxalı effekti yaradır. 

Əgər əvvəllər ölkəyə xaricdən gələn kartofun qiyməti 1 manat idisə, indi bu qiymət artaraq 1,20-1,30 manat olub. Yaxud bu artımı kərə yağı və digər məhsullarda görmək olar. Yəni idxal olunan məhsullarda qiymət bahalaşır və bu da əhalinin xərclərinin artmasına səbəb olur. 

Eyni zamanda, bir effekt də var ki, bizə İrandan ucuz kənd təsərrüfatı və digər istehsal məhsulları gəlir. Bu, həm logistikanın ucuz başa gəlməsi ilə bağlıdır, həm də İranda yanacaq ucuzdur. 

Yeni Zelandiyadan idxal etdiyimiz kərə yağının gömrük dəyəri 18-20 manatdırsa, İrandan idxal etdiyimiz kərə yağının gömrük dəyəri 10-12 manatdır". Ekspertin sözlərinə görə, İrandan idxal olunub, Azərbaycanda qiymətlərin sabitləşməsinə xidmət edən amil də aradan qalxır: 

"Çünki İrandan gələn məhsullar da müharibənin təsiri ilə bahalaşır. Belə ki, orada istehsal azalır, logistikanın sığorta xərcləri çoxalır. Sığorta şirkətləri hərbi əməliyyatların təsirini nəzərə alaraq sığorta haqlarını yüksəldir və nəticədə həm İrandan gələn məhsullar bahalaşır, həm də azalır. 

Bahalaşma bir qədər normaldır, ancaq azalma bizi məcbur edir ki, digər mənbələrdən həmin məhsulları idxal edək. Həmin mənbələrdən də həm logistika xərcləri ilə bağlı onsuzda qiymətlər baha idi, həm də dünya bazarındakı dalğalanmalarla əlaqədar qiymətlər daha da artır. 

Yəni ölkə daxilində həm müəyyən qədər qıtlığın olması mümkündür, həm də qiymətlərin artması gözlənilir. Uzunmüddətli dövrdə bu bahalaşmanın müddəti daha da çoxala bilər. 

Çünki müharibə nə qədər uzanırsa, dünyanın ərzaq zənciri daha çox qırılır. Yəni dünya bazarında neftin təklifi azalır ki, bu da qiymətlərin artmasına, həm də istehsalın azalmasına gətirib çıxarır". 

Seçilən
73
cebheinfo.az

1Mənbələr