Azərbaycan Respublikasının sosial təminat sistemi vətəndaşların həyatının müxtəlif mərhələlərində, o cümlədən ailə üzvünün itirilməsi kimi ağır məqamlarda dövlət dəstəyi mexanizmlərini nəzərdə tutur. Bu dəstək tədbirləri arasında ən mühüm yerlərdən birini əmək pensiyaçısı vəfat etdikdə onun ailə üzvlərinə və ya dəfni öhdəsinə götürmüş şəxslərə verilən dəfn müavinəti tutur.
Ölkənin sosial qanunvericiliyi bu növ ödənişlərin şəffaflığını və operativliyini təmin etmək üçün son illərdə ciddi islahatlar keçirmiş, müraciət və ödəniş prosesləri rəqəmsallaşdırılmışdır. Vətəndaşları ən çox maraqlandıran və bəzən yanlış anlaşılan məqam isə bu müavinətin məbləğinin vəfat edən şəxsin sağlığında aldığı pensiya miqdarı ilə bağlılığıdır. Mövzu həm hüquqi prosedurlar, həm də maliyyə hesablamaları baxımından geniş təhlil tələb edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən “Bakı Hüquq Şirkəti”nin rəhbəri, hüquqşünas Natiq Ələsgərov bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun dəfni üçün nəzərdə tutulan birdəfəlik müavinət fərdi yanaşma əsasında deyil, ümumi dövlət normativi əsasında hesablanır:
“Bir çox vətəndaş vəfat edən şəxsin yüksək pensiya alacağı təqdirdə dəfn pulunun da yüksək olacağını düşünür, lakin qanunvericilik burada konkret “minimum əmək pensiyası” meyarını əsas götürür.
Belə ki, vəfat edən şəxsin sağlığında aldığı pensiyanın məbləği – istər minimum, istərsə də məsələn, 1300 AZN olsun – dəfn müavinətinin miqdarına heç bir təsir göstərmir. 2026-cı il üçün müəyyən edilmiş 320 AZN-lik minimum pensiya məbləğini əsas götürərək, qanunla müəyyən olunmuş 3 misli miqdarında ödəniş hesablanır və bu rəqəm hazırda tam olaraq 960 AZN təşkil edir”.
Ekspert qeyd edib ki, hüquqi varislik məsələləri də bu prosesin ayrılmaz hissəsidir:
“Belə ki, dəfn müavinəti ilə yanaşı, mərhumun vəfat etdiyi ay üçün hesablanmış, lakin faktiki olaraq almadığı pensiya məbləği də onun qanuni varislərinə və ya ailə üzvlərinə ödənilməlidir. Bu ödənişlərin alınması üçün prosedurlar artıq kifayət qədər sadələşdirilib; artıq vətəndaşların uzun-uzadı sənəd toplamağına ehtiyac qalmır, çünki Ədliyyə Nazirliyinin elektron reyestrindən ölüm faktı avtomatik olaraq müvafiq qurumların sisteminə düşür. Xüsusi rütbəli hərbi qulluqçular, hakim və ya digər yüksək vəzifəli dövlət qulluqçuları vəfat etdikdə, onların dəfni və ailə üzvlərinə kompensasiyaların ödənilməsi xüsusi qanunlarla (məsələn, hərbi qulluqçuların statusu və ya dövlət qulluğu haqqında qanunlar) tənzimlənir və bu halda məbləğlər fərqli, adətən daha yüksək ola bilər.
Qeyd edib ki, müavinəti almaq üçün şəxsin sonuncu pensiya kartından istifadə etmək hüquqi baxımdan mümkün deyil, çünki vəfat faktı təsdiqləndiyi an həmin kart bloklanır. Vəsait, müraciət əsasında sistem tərəfindən yaradılan xüsusi kod vasitəsilə, istənilən müvafiq bank filialından (adətən Kapital Bank və ya Beynəlxalq Bank) şəxsiyyət vəsiqəsi təqdim edilməklə nağd şəkildə alınır. Bu ödəniş birdəfəlik yardım xarakteri daşıdığı üçün dövlət tərəfindən heç bir vergi tutulmur və tam məbləğdə vətəndaşa çatdırılır”.
Turan
NOCOMMENT.az