GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ administrasiyasının Hindistana Rusiya neftini almaq üçün 30 günlük icazə verməsi diqqət çəkib. Halbuki Vaşinqton aylardır Dehliyə bu istiqamətdə məhdudiyyətlər tətbiq edirdi.
Ekspertlər hesab edir ki, Hörmüz boğazının bağlanması və enerji bazarında mümkün böhran riski ABŞ-ı geri addım atmağa vadar edib.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə bildirib ki, Rusiyanın İrana ABŞ-ın hərbi hədəfləri barədə kəşfiyyat məlumatı verməsi ilə Vaşinqtonun Dehliyə Rusiya nefti almağa icazə verməsi eyni strateji tənliyin iki tərəfidir:
“Moskva bir tərəfdən Tehranla əməkdaşlıq edərək Körfəz bölgəsində Vaşinqtona qarşı dolayı müharibə aparır, digər tərəfdən isə ABŞ-ın Hörmüz böhranı səbəbindən yumşaltmağa məcbur olduğu sanksiyalardan istifadə edərək Hindistana neft satır və iqtisadi nəfəs alır. Bu isə Vaşinqtonu mürəkkəb vəziyyətə salır. Rusiya həm İrana dəstək verir, həm də ABŞ-ın məcburi güzəştlərindən faydalanır.
İranın müttəfiqi vasitəsilə dolayı şəkildə əldə etdiyi bu dəstək, Tehranın zəifləyən kəşfiyyat imkanlarını qismən kompensasiya edir. Lakin hazırkı mərhələdə Vaşinqton üçün prioritet Moskvanı cəzalandırmaq deyil, Hindistanın enerji təhlükəsizliyini təmin etmək və qlobal neft bazarında sabitliyi qorumaqdır. Yəni ideoloji xəttlər reallıqlar qarşısında geri çəkilir.
28 fevralda ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından bir neçə gün sonra Tehran faktiki olaraq Hörmüz boğazını bağladı. Qeyd edək ki, dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz bu boğazdan keçir. Hindistan üçün bu vəziyyət ciddi risklər yaratdı. Belə ki, ölkənin xam neft idxalının 85-90 faizi Körfəz regionunun payına düşür”.
Rüstəm Tağızadə
Politoloq bildirib ki, ABŞ 2025-ci ilin noyabrında Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi:
“Hindistan bu sanksiyalara uyğun olaraq Rusiya nefti idxalını azaltmışdı. Hörmüz boğazının bağlanması isə Dehlinin enerji balansını pozdu: əsas təchizat mənbəyi sıradan çıxdı, alternativ mənbə isə sanksiyalar səbəbindən əlçatmaz oldu.
Hindistanın strateji neft ehtiyatları cəmi bir aylıq tələbatı qarşılamağa kifayət edir. Ölkədə 33 milyondan çox aktiv LPG istehlakçısının olması tədarükün dayanacağı təqdirdə genişmiqyaslı iqtisadi böhran riskini artırır.
ABŞ-ın verdiyi icazə yalnız artıq yolda olan neft partiyalarını əhatə edir. Təxminən 65 milyon barel Rusiya nefti hazırda Hindistana doğru hərəkətdədir və 30 gün ərzində çatdırılması gözlənilir.
Bu qərar sadəcə müvəqqəti addım deyil, eyni zamanda ABŞ-ın enerji strategiyasında dəyişikliklərin baş verdiyini göstərir. İran Hörmüz boğazını bağlamaqla güc nümayiş etdirməyə çalışsa da, bu addım eyni zamanda Rusiyaya yeni bazar imkanları açdı. Bu isə bir daha göstərir ki, geosiyasi rıçaqlar hər zaman gözlənildiyi kimi işləmir – bəzən tətbiq edilən təzyiq aləti rəqibin xeyrinə çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.