AZ

Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq aqrobiznes forumunda iştirak edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan nümayəndə heyəti Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumunda iştirak edib

TurkicWorld xəbər verir ki, forumda aqrar sahənin aktual mövzuları müzakirə olunub.

Özbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu başlayıb. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı dövlət qurumları və iş adamlarından ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir. Nazir aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə, yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azad edilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil edir”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və mövcud nəqliyyat infrastrukturu, azad iqtisadi zonalar və əlverişli investisiya mühitindən istifadə edilməklə aqrar sahədə əlaqələr daha da inkişaf etdirilə bilər. Forumda çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı, torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatına dayanıqlı investisiya barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr aparıblar.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verən B2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.

Seçilən
26
6
turkic.world

7Mənbələr