AZ

Rusiya “köhnə miqrantlar”ı qovur, Şri-Lankadan işçi qüvvəsi gətirir

Rusiyada işçi qüvvəsi çatışmazlığı federasiyanın məmur və iş adamlarını Şri-Lankadan əmək miqrantları cəlb etməyə vadar edib.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan Cənubi Asiya ölkəsindən işçilərin gəlişi barədə məlumat verib. O, Şri-Lankadan olan əmək mühacirlərinin ilk qruplarının artıq işə başladığını, lakin təşkilati çətinliklərlə üzləşdiyini deyib.

Diplomatın sözlərinə görə, Pskov bölgəsindəki miqrant işçilərə ödənişlər gecikməyə başlayıb. Caqaryan xəbərdarlıq edib ki, bu cür hallar, eləcə də işçilərin qeydiyyatı və dəstəyi ilə bağlı digər problemlər yaxın gələcəkdə Şri-Lankalı işçi qüvvəsinin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Daha əvvəl Şri-Lankanın Moskvadakı səfiri Şobini Qunasekera həm ixtisaslı, həm də ixtisassız işçiləri Rusiyaya göndərməyə hazır olduğunu bildirib. Diplomat izah edib ki, Şri-Lanka "əmək ixrac edən ölkədir və bir çox idxalçı ölkələr dayanıqlıq, uyğunlaşma, inteqrasiya və yüksək iş qabiliyyətinə görə Şri-Lankalı mütəxəssisləri cəlb etmək istəyirlər".

Biznes statistikası da kadr çatışmazlığından xəbər verir. 300-dən çox Rusiya şirkəti arasında aparılan sorğuya görə, 37%-i artıq xarici işçiləri işə götürür, daha 43%-i isə onları boş iş yerləri üçün nəzərdən keçirməyə hazırdır. Lakin Ukraynadakı tammiqyaslı müharibədən əvvəl şirkətlərin yalnız 5%-i əcnəbiləri işə götürdüyünü bildirib, 23%-i isə onları cəlb etməyə hazır olduğunu bildirib.

Son iki ildə Moldovadan, Qafqaz və Orta Asiyadan olan əmək miqrantlarının kütləvi şəkildə deportasiya edilməsi üzündən Rusiyada işçi qüvvəsinə ciddi ehtiyac yaranacağı əvvəlcədən proqnozlaşdırılırdı. Ancaq Rusiyanın Dövlət Dumasının deputatları israrla anti-miqrant qanunları qəbul edirdilər. İndiyədək 10-dan çox belə qanun qəbul edilib və postsovet ölkələrindən olan miqrantların hüquqları son dərəcə məhdudlaşdırılıb. Bundan başqa, onlar, xüsusilə də Orta Asiya respublikalarından olanlar kütləvi şəkildə öz ölkələrinə getməyə məcbur olublar.

Rusiya biznesmenləri federasiyadan çıxarılan əmək miqrantlarının yerini Nepal, Hindistan, Myanma, Şimali Koreya, Şri-Lankadan gətirilən qastarbayterlərlə doldurmaq istəyir.

İndi maraqlıdır, özbəklərdən rusca təmiz danışmağı, Rusiya tarixini və ədəbiyyatını bilməyi tələb edən rusiyalı məmurlar eyni şeyi Şri-lankadan gələnlərdən də tələb edəcəklərmi? “Köhnə miqrantlar” heç olmasa marketdə alış-veriş etməyi, ünvan soruşmağı bilirdilər./Musavat.com/

Seçilən
15
2
turkustan.az

3Mənbələr