AZ

ABŞ-nin ən iri neft şirkətlərindən biri: Kaliforniya enerji böhranına sürüklənir

BAKI, 25 mart. TELEQRAF

ABŞ-nin ən iri neft şirkətlərindən biri olan “Chevron” Kaliforniya ştatının ABŞ-İsrail hərbi əməliyyatları fonunda enerji böhranına doğru getdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, ştatın yanacağa olan tələbatının təxminən 20%-i Asiya ölkələrindən idxal hesabına ödənilir. Həmin ölkələr isə öz növbəsində enerji resurslarının Hörmüz boğazı vasitəsilə daşınmasından asılıdır.

Məlumata görə, Kaliforniya ABŞ-nin Texas və Luiziana kimi əsas enerji istehsalı mərkəzləri ilə birbaşa bağlı deyil. Bundan əlavə, son illərdə ştatda bir neçə neft emalı zavodu artan xərclər və iqlim dəyişikliklərinə qarşı yönəlmiş sərt qanunvericilik səbəbindən fəaliyyətini dayandırıb.

“Chevron” şirkətinin emal üzrə məsul nümayəndəsi Endi Uolts bildirib ki, Kaliforniyanın idxaldan asılılığı risklidir: “Kaliforniya idxala güvənməyi seçib. Bu, təhlükəli oyundur”.

Qeyd olunur ki, ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, Kaliforniyada benzinin bir qallonunun qiyməti artıq 5,82 dollara yüksəlib. Bu göstərici bir ay əvvəl 4,62 dollar olub. Ölkə üzrə orta qiymət isə 3,97 dollar təşkil edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. Bu fonda İran tərəfi Hörmüz boğazından ABŞ və müttəfiqlərinə aid neft yüklərinin keçidinə imkan verməyəcəyini açıqlayıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr