AZ

TRAMPIN “KAPİTULYASİYA PLANI” İrana göndərilən planın bəndləri açıqlandı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, əvvəlcə İranın enerji infrastrukturunun məhv edilməsilə bağlı Tehrana 48 saatlıq ultimatum verən Donald Tramp, sonradan bu müddəti artırdı. Bunu ABŞ Prezientinin geri çəkilməsi kimi qəbul edənlər oldu. Lakin Ağ Ev Trampın fikrinin dəyişməsini guya İranla aparılan danışıqlarla əlaqələndirdi.

“AzPolitika” xəbər verir ki, kəşfiyyat mənbələrinə yaxınlığı ilə tanınan “Axios” nəşrinin məlumatına görə, ABŞ və bir qrup Yaxın Şərq ölkəsi martın 26-da İranla yüksək səviyyəli sülh danışıqları aparmaq imkanını müzakirə edir və Tehrandan cavab gözləyir.

Eləcə də ABŞ və İsrail mənbələrinə görə, Vaşinqton Tehrana müharibəyə son qoymaq üçün mümkün razılaşmanı nəzərdə tutan 15 maddəlik təklif təqdim edib. Sənəddə ABŞ-nin Cenevrədə keçirilən son danışıqlar raundu zamanı irəli sürdüyü tələblərin çoxu yer alır. Tramp özü də belə bir planın mövcudluğunu təsdiqləyib. Hətta iddialara görə, İran bu təkliflərin əksəriyyəti ilə razılaşıb.

İsrailin “12-ci kanal”ının məlumatına görə, planı Trampın “müşavirləri” Cared Kuşner və Stiv Uitkoff hazırlayıb. Plana görə öncə bir aylıq atəşkəs əldə olunacaq və bu müddət ərzində tərəflər razılaşmanı əldə etmək üçün çalışacaqlar.

İrana təklif olunanlar:

1. Bütün sanksiyaların ləğvi.

2. Buşehrdə mülki nüvə proqramının irəliləməsi və inkişafında Amerikanın köməyi (elektrik enerjisi istehsalı).

3. Sanksiyaların yenidən bərpası təhlükəsinin aradan qaldırılması.

ABŞ-nin tələbləri:

1. Hörmüz boğazının "azad dəniz zonası" kimi açıqlığının saxlanılması.

2. Raket proqramının say və mənzil baxımından məhdudlaşdırılması.

3. Raketlərin yalnız özünümüdafiə üçün istifadəsi.

4. Mövcud nüvə arsenalının sökülməsi.

5. Nüvə silahı əldə etmək ambisiyasından imtina.

6. İran ərazisində nüvə zənginləşdirilməsinin qadağan edilməsi.

7. Tərəflərin razılaşdırdığı cədvələ uyğun olaraq bütün zənginləşdirilmiş materialların MAQATE-yə təhvil verilməsi.

8. Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin məhv edilməsi.

9. İranda baş verənlərə MAQATE-nin nəzarəti.

10. Bölgədə silahlı proksi qruplarından istifadə strategiyasından imtina.

11. Yaxın Şərqdə proksi qruplarının maliyyələşdirilməsinin və silahlandırılmasının dayandırılması.

Göründüyü kimi, planda İranın siyasi quruluşu, rejimi, bir sözlə, hakimiyyət məsələsi, eləcə də azadlıqlar və s. barədə heç nə yoxdur. Baxmayaraq ki, ilk hərbi zərbə məhz ölkənin siyasi rəhbərliyinə yönəlmişdi. Ümumilikdə bu planı İranın deyil, ABŞ-nin kapitulyasiyası kimi dəyərləndirənlər var...

Bu arada İrana qarşı əməliyyatda ABŞ-nin müttəfiqi olan İsrail Tehranla uğurlu danışıqlara şübhə ilə yanaşır. “Axios” mənbələrinə görə, hətta İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrailin məqsədlərinə cavab verməyən, Tehrana əhəmiyyətli güzəştləri özündə birləşdirən və İsrailin İrana zərbə vurmaq qabiliyyətini məhdudlaşdıran bir razılaşma əldə edə biləcəyindən narahatdır.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
50
azpolitika.info

10Mənbələr