AZ

Paşinyan “üç vektor” üzrə “rus ruleti”nə başladı: Ermənistanı dərin təhlükəsizlik böhranı gözləyir

Paşinyan hakimiyyətinin “üç vektor” strategiyası qısamüddətli perspektivdə Ermənistan üçün həm iqtisadi-ticari alternativlər, həm də siyasi-diplomatik manevr imkanları qazandıra bilər… Ancaq uzunmüddətli perspektivdə bu modelin davamlılığı ciddi suallar da doğurur, çünki Rusiya, Avropa Birliyi və Türkiyə kimi, qlobal aktorların maraqları bir-biri ilə həmişə kəskin ziddiyyət təşkil edir…

Cənubi Qafqazda geopolitik proseslər inkişaf etdikcə, Paşinyan hakimiyyətinin xarici siyasət kursu da tədricən daha mürəkkəb və çoxvektorlu xarakter alır. Rəsmi İrəvan eyni vaxtda Rusiya ilə kəskin qarşıdurma təhlükəsindən yayınmağa, Avropa Birliyinə yaxınlaşma cəhdlərini intensivlışdirməyə və Türkiyə istiqamətində isə münasibətləri normallaşdırmağa çalışır. Bu isə ilk baxışdan, Ermənistanın xarici siyasətində klassikləşmiş “çoxvektorlu balans” modelini xatırlatsa da, əsl reallıqda daha riskli və ziddiyyətli geopolitik oyunun əlamətlərini sezdirir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Kreml ilə siyasi-diplomatik dialoqu davam etdirir. Ancaq eyni zamanda, Rusiyaya yönəlik strateji asılılıqdan idarə olunan şəkildə uzaqlaşma modelini də gücləndirməyə çalışır. Belə ki, baş nazir Nikol Paşinyanın prezident Vladimir Putin ilə son telefon danışığında iki ölkənin əməkdaşlığında enerji, nəqliyyat və ticarət sahələri prioritet kimi vurğulanıb. Bu isə Ermənistanın Rusiyadan asılılığının ciddi şəkildə qoruduğunu göstərir.

77854fa2-0a32-488e-a03a-2ebb097db36a.jpg

Məsələ ondadır ki, Ermənistanın enerji infrastrukturu böyük ölçüdə Rusiyaya bağlıdır. Bu asılılıq isə qısa müddətdə aradan qaldırıla biləcək bir xarakter daşımır. Üstəlik, bu ölkənin nəqliyyat-logistika sisteminin əsas istiqamətlərinə də hələlik məhz Rusiya nəzarət edir. Bununla yanaşı, tərəflərin yaxın gələcəkdə liderlər səviyyəsində görüş barədə razılığa gəlməsi Kremlin Ermənistan üzərində təsir imkanlarını tam itirməmək niyyətini göstərir.

Ancaq mövcud regional proseslərin geopolitik dinamikası onu göstərir ki, Paşinyan hakimiyyəti artıq əvvəlki kimi Rusiyaya tam inteqrasiya olunmuş təhlükəsizlik modelinə güvənmək niyyətində deyil. Bu isə faktiki olaraq, rəsmi İrəvan tərəfindən Rusiyaya münasibətdə “strateji asılılıqdan idarə olunan modeldə uzaqlaşma” siyasətinin həyata keçirildiyini deməyə tamamilə əsas verir.

Maraqlıdır ki, Kremllə siyasi-diplomatik dialoqu qorumağa çalışan Ermənistanın həm də Avropa Birliyi ilə münasibətlərində yeni mərhələyə can atdığı müşahidə olunur. Belə ki, rəsmi İrəvanın Avropa Sülh Fondu çərçivəsində üçüncü maliyyə paketi üçün müraciət edilməsi yalnız maliyyə-iqtisadi və texniki yardım məsələsi deyil. Və geopolitik proseslərin inkişafı onu göstərir ki, bu, əslində, daha geniş geostrateji anlam daşıyır.

Məsələ ondadır ki, bu addım, ilk növbədə, Ermənistanın öz təhlükəsizlik arxitekturasını yenidən qurmağa çalışdığını göstərir. Belə ki, əvvəllər bu ölkənin təhlükəsizlik sistemi əsasən Rusiya faktoruna söykənirdi. Ancaq indi isə Avropa Birliyi tədricən bu sahədə alternativ geopolitik tərəfdaş rolunu oynamağa başlayıb.

c40abe35-0d11-4c44-9671-10fa54586b7f.jpg

Təbii ki, bütün bunlar isə Avropa Birliyinin Ermənistana münasibətdə “yumşaq güc” mexanizmlərindən istifadə etməyə çalışdığını göstərir. Yəni, Brüssel Ermənistan üzərindən Cənubi Qafqaza “giriş pəncərəsi” açmağa cəhd etdiyini biruzə verir. Və bu baxımdan, Avropaya sərbəst gediş-gəliş imkanları Ermənistan cəmiyyətində uzunmüddətli perspektivdə geopolitik orientasiyanın ciddi şəkildə dəyişməsinə səbəb ola bilər.

Digər tərəfdən, Rusiyanı narahat edən daha bir önəmli geostrateji problem məhz Cənubi Qafqazda Türkiyənin təsir dairəsinin sürətlə genişlənməsi ilə bağlıdır. Belə ki, hazırda Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın xarici siyasətində ən həssas və perspektivli istiqamətlərdən biri də məhz Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Hətta son aylarda bu istiqamətdə müşahidə olunan siyasi dinamika artıq simvolik addımları geridə qoyaraq, konkret iqtisadi və infrastruktur layihələri mərhələsinə keçib.

Əslində, hazırda sürətlə inkişaf edən bu proses Ermənistan üçün yalnız Türkiyə ilə münasibətlərin normallaşmasına bağlı imkanlarla məhdudlaşmır. Çünki bu, həm də rəsmi İrəvan üçün Ermənistanı regional iqtisadi təcriddən çıxartmsq şansı deməkdir. Və üstəlik, Türkiyə üzərindən Avropa bazarlarına çıxış perspektivi Ermənistan üçün strateji əhəmiyyət daşıyır.

Ancaq təbii ki, Ermənistanın bu çoxvektorlu siyasəti Cənubi Qafqazın əsas geopolitik iradə sahibi olan Azərbaycanın mövqeyi və maraqlarl nəzərə alınmadan real nəticələr verə bilməz. Çünki Ermənistanın Türkiyə ilə normallaşma prosesi faktiki olaraq, rəsmi İrəvanın Azərbaycan ilə əldə edəcəyi razılaşmalardan birbaşa asılıdır.

be0ecd8d-92a5-417e-a593-9169796ec353.jpg

Belə ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı prosesdə rəsmi Bakı hegemon mövqeyə malikdir. Ona görə də, belə vəziyyət  Ermənistanın manevr imkanlarını ciddi şəkildə çərçivələndirir. Və hətta regional proseslər inkişaf etdikcə, Ermənistanı məhz Azərbaycanın geopolitik iradəsindən asılı vəziyyətə salır.

Bununla belə, mövcud reallıqlar onu göstərir ki, Paşinyan hakimiyyətinin “üç vektor” strategiyası qısamüddətli perspektivdə Ermənistan üçün yeni imkanlar da açır. Belə ki, bu siyasət Ermənistana həm iqtisadi-ticari alternativlər, həm də siyasi-diplomatik manevr imkanları qazandıra bilər. Ancaq uzunmüddətli perspektivdə bu modelin davamlılığı ciddi suallar da doğurur. Çünki Rusiya, Avropa Birliyi və Türkiyə kimi, qlobal aktorların maraqları bir-biri ilə kəskin ziddiyyət təşkil edir.

Məsələ ondadır ki, belə bir şəraitdə rəsmi İrəvanın eyni vaxtda bütün bu istiqamətlər üzrə balans yaratmaq cəhdi Ermənistanı daha genişmiqyaslı geopolitik qarşıdurmanın mərkəzinə çevirə bilər. Bu baxımdan, rəsmi İrəvanın Ermənistan üçün yeni geopolitik model qurmağa nail olma ehtimalı hələlik müəyyən suallar doğurur. Bu baxımdan, rəsmi İrəvanın çoxvektorlu siyasətində uğursuzluq Ermənistanı nəticə etibarilə təhlükəsizlik boşluğuna sürükləyə bilər. Və ona görə də, Paşinyan hakimiyyəti hələlik daha çox üç istiqamət üzrə “rus ruleti”nə başlamış kimi görünür.

Müsavat.com

Seçilən
12
1
editor.az

5Mənbələr