AZ

“Ana harayı” abidəsindəki o körpə haradadır? - FOTOLAR

Bir neçə gün öncə Xocalı faciəsinin canlı şahidlərindən olan Nigar Cəfərovanın onu o dəhşətli günlərdə ölümün pəncəsindən xilas edən qəhrəman döyüşçü Allahverdi Əzimovla 34 ildən sonra görüşdüyünü yazmışdıqDuyğusal görüş Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndində təşkil olunan Novruz şənliyi çərçivəsində baş tutmuşdu.

Nigar Cəfərovanın qucağında körpə ilə erməni əsirliyindən qurtularkən çəkilən fotosu illərdir Xocalı faciəsinin simvollarından biri kimi yadda qalıb. Bakıda yerləşən “Ana harayı” abidəsi də məhz həmin görüntünün əsasında hazırlanıb.

Maraqlıdır, həmin körpə haradadır?

34 il bundan öncə 18 yaşlı xilaskarı Nigar Cəfərovanın qucağında fotosu çəkilən o körpə İnci İmanidir. Hazırda onun 34 yaşı var.

İnci Musavat.com-a açıqlamasında bildirib ki, hazırda ailəsi ilə birgə Ramana qəsəbəsində yaşayır və iki övladı var:

“Xocalını görmüşəm, amma hələ oraya köçməmişik. Zamanı çatanda biz də oraya köç edəcəyik. Atam və anam sağdırlar. İki qardaşım var. Xocalı faciəsi zamanı anam Telli Eyvazova öz anası Güllünü və atası Sadıq Ağalarovu, atam Dadaş kişi isə qardaşı Hidayəti itirib. Onlar Xocalının qarlı meşəsində donub ölüblər. Azad olunandan sonra Xocalının hər qarışını gedib gəzmişəm. Dayılarım, bibilərim artıq Xocalıya köçüblər. Valideynlərim isə hələ Bakıdadırlar. Övladlarım da Bakıda məktəbdə oxuyurlar. Mən də onların tərbiyəsi ilə məşğul oluram, hardasa çalışmıram”.

NNNNNN.png

WhatsApp

İnci deyib ki, həmin foto çəkiləndə 4 aylıq olub:

“Məni qucağında saxlayan nənəmin qardaşıqızı Nigar xanımdır. O, Ağdama qədər məni əlindən yerə qoymayıb”.

Qeyd edək ki, 1992-ci ildə Nigar Cəfərovanın 18 yaşı var idi və faciədən cəmi iki ay əvvəl ailə qurmuşdu. Əksər xocalılar kimi əsir düşən Nigar xanımı Ağdamın Şelli kəndinin döyüşçüləri xilas etmişdilər. Həmin vaxt o, öz növbəsində bir körpə qızın həyatını qurtarmağa nail olub.

Nigar Cəfərova həmin anları belə xatırlayır:

“Fotoda qucağımda daşıdığım körpə bibimin nəvəsi idi. Valideynləri onu gətirə bilmədi, mən xilas etdim. Ağdama qədər bir an belə qucağımdan yerə qoymadım”.

xocalı.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr