AZ

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Olaylar.az bu barədə fondun məlumatına istinadən xəbər verir.

Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub.

Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisi layihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları məbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 min nəfər üçün sanitariya şəraitinin yaxşılaşdırılmasına, Xəzər dənizinin çirklənməsinin azaldılmasına və təmizlənmiş suyun kənd təsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.

Özəl sektor üzrə isə Azərbaycan əlavə olaraq 20 milyon ABŞ dolları alacaq. Bu vəsait fond üçün ilk dəfə tətbiq edilən milli valyutada sintetik kredit mexanizmi çərçivəsində təqdim olunacaq və sistem əhəmiyyətli maliyyə institutunun dəstəklənməsinə, həmçinin mikro, kiçik və orta biznesin kreditləşdirilməsinin genişləndirilməsinə yönəldiləcək.

Ümumilikdə 890 milyon ABŞ dolları həcmində maliyyə paketi infrastrukturun və nəqliyyat əlaqəliliyinin gücləndirilməsinə, ərzaq təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlığın artırılmasına, eləcə də iqlim layihələrinə investisiyaların genişləndirilməsinə yönəlib. Müxtəlif regionlarda mikro, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu mandatına əsasən üzv ölkələrdən maliyyəni yalnız OPEK-ə üzv olmayan ölkələrin xeyrinə yönəldən yeganə qlobal institutdur. Təşkilat inkişaf etməkdə olan ölkələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın və sosial tərəqqinin təşviqinə xidmət edir. Bu günədək fond 125-dən çox ölkədə inkişaf layihələrinə 32 milyard ABŞ dollarından artıq vəsait ayırıb, həyata keçirilən layihələrin ümumi dəyəri isə 240 milyard ABŞ dollarını ötüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
5
olaylar.az

6Mənbələr