AZ

Risklər və ümidlər - 2027-ci ilin iqtisadi proqnozları

Yaxın Şərqdə baş verən münaqişə artıq qlobal iqtisadi artımı tormozlamağa başlayıb. Hörmüz boğazının bağlı qalması isə inflyasiya riskini artırır.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)son hesabatında bildirilib.

AzVision.az xəbər verir ki,"Yaxın Şərqdə münaqişənin inkişaf trayektoriyası qeyri-müəyyən olaraq qalır və bu, mövcud iqtisadi proqnozlar üçün ciddi risklər yaradır. Münaqişənin uzanması və enerji qiymətlərinin 2026-cı ilin ortalarınadək yüksək səviyyədə qalması qlobal iqtisadi artım perspektivlərini daha da zəiflədə bilər" - deyə qeyd olunub.

Təşkilat bildirir ki, 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artımı 2,9 faiz həddində planlaşdırılır. Halbuki, 2025-ci ildə artım 3,3 faiz olmuşdu. 2027-ci ildə isə 3 faizlik artım gözlənilir.

Proqnozlara əsasən, ABŞ iqtisadiyyatında ÜDM artımının 2026-cı ildə 2,0%, 2027-ci ildə isə 1,7%-ə qədər zəifləyəcəyi gözlənilir. Avrozonada artım tempinin 2026-cı ildə 0,8%, 2027-ci ildə isə 1,2% olacağı proqnozlaşdırılır. Çində isə iqtisadi artımın 2026-cı ildə 4,4%-ə, 2027-ci ildə isə 4,3%-ə qədər yavaşlayacağı ehtimal edilir.


Eyni zamanda, qeyd olunur ki, inflyasiya təzyiqlərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Qlobal enerji qiymətlərindəki artım fonunda 2026-cı il üzrə inflyasiya göstəricilərinin əvvəlki proqnozlardan daha yüksək olacağı bildirilir. G20 ölkələrində ümumi inflyasiyanın 2026-cı ildə 4,0%, 2027-ci ildə isə 2,7%-ə qədər azalacağı proqnozlaşdırılır.

İƏİT-in ekspertləri geriləməni başlıca olaraq enerji qiymətlərinin artması ilə izah edirlər.

Məhəmmədəli Həsənli
AzVision.az


Seçilən
59
1
azvision.az

2Mənbələr