ain.az, Bakupost portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Xocavənd rayonunun Xanoba kəndinin sakinləri ilə görüşərkən 6 uşaqlı şəxslə söhbətində “Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq”, – demişdi.
Ümumiyyətlə son illər dünya ölkələrində əhalinin sayının azalması sindroma çevrilib. Bir çox dövlətlərin demoqrafik göstəricilərində ciddi azalma var. Bu tendensiya iqtisadiyyatı inkişaf etmiş ölkələrdə özünü daha çox büruzə verir, nəinki zəiflərində. Avropa ölkələri disbalansı miqrantların hesabına qorumağa çalışır. Yaponiya və Cənubi Koreya kimi ölkələr gənc ailələrə uşaq sahibi olmaq təşviq proqramları həyata keçirir.
Məsələ ilə bağlı Bakupost.az-ın suallarını sosioloq Naib Niftəliyev cavablandırıb:
– Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalması və əhalinin yaşlanması tendensiyası ilə əlaqədar doğumun təşviq edilməsi üçün hansı işlər görülməlidir?
– Prezidentin çoxuşaqlı ailələri təqdirləməsi, dövlətin sosial demoqrafik siyasətinin diqqətdən kənar da saxlamadığını təsdiqləyir. Bu mənada çoxuşaqlı ailələrin sayının azalması Azərbaycan cəmiyyəti üçün son dərəcə ciddidir və əhalinin yaşlanması tendensiyasını artıran və gələcək nəsillər arası böhranı dərinləşdirən bir faktor kimi dəyərləndirilə bilər. Dövlətin bu istiqamətdə müəyyən strategiyası və praktiki addımları var. Amma yəni elə məsələlər var ki, onlar, müəyyən mənada qlobal proseslərin axarını nəzərə alınmasını və bu istiqamətdə önləyici preventiv tədbirlərin görülməsini zərurətə çevirir. Bu mənada ailə institutunun möhkəmlənməsi, uşaqlara verilən dəyər – uşaq və ailə hüquqlarının müdafiəsi istiqamətində ciddi addımlar atılmalıdır.
İnsanlar ailəni, övladı, çoxuşaqlı ailəni müəyyən mənada hədəf və xoşbəxtliyin simvolu kimi görməlidir. Yəni, ailəyə olan münasibət, əlavə dəyər müəyyən mənada geri qaytarılmalı, geriyə pozitiv dönüş olmalıdır. Bu vacib şərtlərdən biri budur. Bununla yanaşı daha çox ailə rifahının təşviqi və təmin olunması istiqamətində praktiki addımların çəkilməsi, rolu və eləcə ailələrə ayrılan dəyər qayğıdır. Həm sahibkarlıq, həm də dövlətin ailə himayəsi müstəvisində müəyyən ciddi sosial təminat tədbirləri həyata keçirilməsi, bununla bağlı dövlət proqramlarının icrası və əməli istiqamətdə görülən ailə siyasəti çox önəmlidir. Yəni ailə siyasətinin incəlikləri və detalları əhəmiyyətli dərəcədə, yenidən işlənməlidir, dəyişilməlidir və dövlət-cəmiyyət münasibətləri ailə əsaslı və ailələrin qorunmasına, möhkəmlənməsinə yönəlmiş olmalıdır. Bu mənada düşünürəm ki, ailənin əsas simvolu övladıdır, yeni nəsildir və nəslin davamıdır. Bu mənada ailə məsələsi dövlət siyasətinin mühüm elementi, tərkib hissəsidir. Yeni nəslə olan diqqət, qayğı, müəyyən imtiyazlar, güzəştlər uşaqlara olan xüsusi diqqət artırılmalıdır. Çoxuşaqlı ailələrə say tərkibindən asılı olaraq bəzi imtiyazların, güzəştlərin artırılması və bu şərtlər daxilində, həm ailəyə, həm yeni nəsillə olan qayğı artırılmalıdır. Doğumun təşviq edilməsi gələcək sağlam vətəndaşların, ümumiyyətlə sağlam ailə, dövlət, vətəndaş modelinə keçid üçün çox əhəmiyyətli zəmin ola bilər. Yəni bu işlər müəyyən mənada görülür, amma bunun bir konseptual həll modelinə çevrilməsinə, sosial demoqrafik inkişaf strategiyasına ehtiyac var. Düşünürəm ki, bunun üzərində işləyirlər və lazım olarsa, biz bu prosesdə müəyyən araşdırmalar təqdim etməyə və həll modelləri ilə bağlı öz təkliflərimizi verməyə, bacardığımız qədər üzərimizə düşən məsuliyyəti icra etməyə hazırıq. Yəni, zəmin və şərait olduqda, tələb-təklif formalaşdırıldıqda insanlar ailə qayğısını, övlad məsuliyyətini hiss etdikdə bu istiqamətdə atılan addımlar da çox olacaq.
– Prezidentin çoxuşaqlı ailələri təşviq edən açıqlamaları fonunda, real nəticə əldə etmək üçün hansı konkret sosial və iqtisadi mexanizmlər tətbiq olunmalıdır?
– Sosial-iqtisadi mexanizmlərin mövcudluğu çox vacibdir. Çoxuşaqlı ailələrin təşviq olunmasında çoxuşaqlı ailə modelinin iqtisadi cəhətdən dəstəklənməsi mühüm məsələdir. Əgər insanlar istəsələr ki, övladlarının sayı artdıqca onların rifahı da artsın, 3, 4, 5 və hətta fiziki və psixoloji imkanları imkanverdiyi təqdirdə, 10+2 modelinə keçid istiqamətində yarışa girənlərin də sayı artacaq. Biz ailənin böyük olmasının tərəfdarıyıq. Yəni kütləvilik məsələsində geri dönüşü olmamalıdır. Valideynlər həm övladlarının gələcəyini təmin etməyi fikirləşməlidirlər. Amma hökumət bəzi məsələləri üzərinə götürəndə valideynlər daha çox təklif olunan modellərə görə dövlətlə əməkdaşlıqda maraqlı olurlar. Bu mexanizmlər məncə bərabər düşünməli iştirakçılıq, tərəfdaşlıq, dövlət-ailə, valideyn-övlad münasibətləri hüquqi-sosial həll modellərinin işə salınması ilə gerçəkləşdirilə bilər. Yəni sosial xidmətlərin rolu, yeri və funksiyası artar və ailəyə dəstək, eyni zamanda ailə nəzarət modeli də önə keçmiş olar. Düşünürəm bu zaman çoxuşaqlı ailələrə müəyyən limitsiz güzəştlərin təklif olunması, faizsiz kreditlərin verilməsi, ev, məişət təminatı, çoxuşaqlı ailələrə deyək ki, dəyərinin əlli faizində ipoteka kreditinin ödənilməsi və yaxud dəyərinin əlli faizində mənzilin bağışlanılması və xüsusi olaraq sosial mənzillərin təyinatının bu istiqamətdə təşviq edilməsi, həmçinin standart neft-qaz gəlirlərinə müəyyən kvota ayrılması da təşviqedici vasitələrdən biri sayıla bilər. Yəni pulsuz sosial yardımı təkmilləşdirərək müddətin artırılması, həmçinin Qarabağın özündə də müəyyən xüsusi fond yaradıla bilər. Məsələn, Xankəndində və digər minalardan təmizlənmiş ərazilərdə onlar üçün həm yaşayış, istirahət imkanları ilə bağlı tədbirlərin görülməsi ilə Qarabağa məskunlaşma artırıla bilər. Bununla da Ağdamın və yaxud Füzulinin yarım milyonluq şəhərlərə çevrilməsi mümkündür. Bu həm də gələcəkdə Qarabağda ailə turizmini də inkişaf etdirəcək faktorlardan biridir. Bu istiqamətdə yollar kifayət qədər çox olduğu kimi, atılacaq addımlar da çox ola bilər.
– Azərbaycanda uşaqpulunun olmaması doğum səviyyəsinə nə dərəcədə təsir edir və bu mexanizmin tətbiqi demoqrafik vəziyyəti dəyişə bilərmi?
– Uşaq pulunun olmaması doğum səviyyəsində birbaşa təsir göstərir. Yəni insanlar sosial himayə ilə bağlı çətinliklərlə üzləşdiklərindən, uşaqlara konkret dövlət təminatı olmadığından, bir və ya iki uşağı üstün tuturlar. Bu səbədən də Azərbaycanda doğulmuş uşaq sayı son rəqəmlərə görə 54000-dən aşağı düşüb. Bu rəqəm Azərbaycan üçün çox zəif bir göstəricidir və ən azı 3-4 dəfə arta bilər. 10 milyonluq Azərbaycan üçün bu göstərici çox zəifdir və təbii ki, son yaxın 10 ildə demoqrafik fəlakətlə üzləşmək mümkündür. Qarabağda baş verən münaqişələr, müəyyən iqtisadi gücün problemlərin həlli istiqamətində yönəlməsi, hərbi büdcə və qlobal məkanda özünü təsdiq üçün itirilən xərclər iqtisadi vəziyyətə əhəmiyyətli təsir göstərib. Sosial rifah problemləri baxımından da ciddi çətinliklər yaşanır. Amma indi vəziyyət getdikcə müsbətə doğru dəyişməkdədir və mümkün riskləri yenidən qiymətləndirməyə və əhalinin rifahı, artımı, yeni nəsillərin təminatı baxımından daha uğurlu gələcək barədə düşünməyə zəmin yaradır.
– Əhalinin yaşlanması artıq qlobal miqyasda ciddi problemə çevrilib və bir sıra inkişaf etmiş ölkələrdə pensiya yaşı 70-ə qədər artırılır. Əhalinin yaşlanması tendensiyası gələcəkdə əmək bazarı və iqtisadi inkişaf üçün hansı riskləri yaradır?
– Əhalinin yaşlanması məsələsi 40 ildən artıqdır ki, ciddi müzakirə olunur. BMT-nin inkişaf proqramında yaşlı əhalinin himayəsi məsələləri xüsusi bir hədəf olaraq görülür. İnkişaf etmiş ölkələrdə, pensiya yaşının 70 çatdırılmasında bir məhdudiyyət və qəbahət yoxdur. O mənada ki, məsələn, Yaponiyada əhalinin orta ömrü uzunluğu 84 yaşa çatır. Avropa ölkələrinin əksəriyyətində bu göstərici 80-85 arasında dəyişir. Buna görə də, həmin ölkələrin əhalisi yaşlandığı, yeni nəslin və uşaq sayı kəskin azaldığı, nəsillərarası əlaqə zəiflədiyi üçün dövlət bu funksiyanı, cəmiyyətin öz çiyininə yükləyir. İnsanlar sanki pensiya yaşı ilə bağlı daha çox imtiyazlar və fərqli çıxış imkanları əldə edirlər. Yəni yaşlanma tendensiyası qlobaldır. Yəni dünyada müşahidə olunur və sosial iqtisadi inkişafın labüd göstəricisidir. Əmək bazarı baxımından daha çox texnologiya, süni intellekt vasitəsilə təzələnməsi müqabilində dövlət müəyyən sosial təhlükəsizlik yaradır. Bu qlobal səviyyədə daha çox inkişaf etmiş ölkələrə aid olan bir faktordur. Burada pensiya yaşının, 60 və yaxud 80 olması vəziyyəti dəyişmir. Amma Azərbaycan kimi hələ inkişaf etməkdə olan, yaxud iqtisadiyyatı zəif inkişaf etmiş olduğu bir şəraitdə belə addımlar əhalinin rifahına və sosial vəziyyətinə birbaşa təsir göstərir.
– Dövlət doğum səviyyəsini artırmaq üçün daha çox maddi stimullara üstünlük verməlidir, yoxsa sosial mühitin – iş, mənzil, uşaq baxımı imkanlarının yaxşılaşdırılması daha effektivdir?
– Hər iki addım paralel aparılmalıdır. Həm maddi mənəvi stimullaşdırma önə çəkilməlidir, müəyyən iqtisadi şəraitlər yaradılmalıdır. Əmək bazarı istiqamətində yeni nəslin işlə təminat istiqamətində testlər genişləndirilməlidir. Eyni zamanda da, yəni mənzil-məişət şəraiti, sosial-iqtisadi yük amilləri də nəzərə alınmalıdır. Uşaqlara xidmət sferasında sosial iş xidmətlərinin differensiallaşmasını keçirmək vacibdir. Çünki həm sosial tibbi-pedaqoji xidmət – məktəbəqədər təhsil və tərbiyə, həm də valideynin uşaqlarını tərbiyə etməsi istiqamətində dəstəklənmə və daha effektiv şərait yaradılması üçün xüsusi xidmətlərin tətbiqi vacibdir. Yəni dövlətin atdığı addımlar mərhələli və planlı bir şəkildə olmalıdır. Hər bir addımın özünəməxsusluğu var və bu məsələlərdə Sosial Tədqiqatlar Mərkəzi də dərgah olub. Hər bir halda, ciddi tədqiqatların aparılması və konseptual sənəd, strategiyanın hazırlanması vacibdir.
– Bəzi ölkələrdə, o cümlədən Rusiyada ana olmaq istəyən qadınların psixoloji yoxlanışdan keçirilməsi kimi təşəbbüslər müzakirə olunur. Bu yanaşma nə dərəcədə effektiv və etik hesab olunur?
– Ümumiyyətlə, ailə quranda bu məsələlər daha öncədən həll edilməlidir və bu kimi müzakirələr. Bu ailənin mənəvi-psixoloji sağlamlığını dəstəkləmək məqsədi daşıyır. Yəni etikdir. İnsan öncə psixoloji cəhətdən yetkin və sağlam olmalıdır ki, ailədə də sağlam davranıb fəaliyyət göstərdin. Bu həm xanımlarla bərabər kişilərə də aiddir. Hər iki tərəf bərabər səviyyədə sağlam münasibət göstərməlidir. Sosial, ailə məsuliyyətini, dövlət qarşısında olan hüquq və vəzifələri hiss etməlidirlər. Statistika göstərir ki, psixoloji yetkinlik və meyarları nəzərə almaq həmişə uğur gətirir. İnsan psixoloji cəhətdən yetkin, hazırlıqlı və sağlam düşüncədirsə, o qədər həyata bağlı olur və bu hər iki şəxsin 70-80 faizi üçün əhəmiyyətli bir göstərici hesab olunur. Bu kimi hesablamalar fərqli statistikalarla müşahidə oluna bilər. Əsas vacib olan insan psixoloji modelini ailə həyatında reallaşdırmağa hazırlığıdır. Ailə qurmaq psixoloji rahatlıq üçündür. Boşanma, gərginlik, narahatlıq, yaxud spekulyasiya və manipulyasiya üçün deyil. Yoxlanışdan keçmək indiki, insanların manipulyasiya imkanlarının artdığı bir mərhələdə önəmli və vacibdir.
– Müasir cəmiyyətlərdə gənclərin az uşaq sahibi olmaq və ya heç olmamaq istəyi daha çox iqtisadi səbəblərlə bağlıdır, yoxsa sosial həyat tərzi dəyişiklikləri ilə? Məsələn Avropada həyat səviyyəsi yüksəkdir, amma insanlar dünyaya uşaq gətirmək istəmir.
– Müəyyən bir dövrdə rifah səviyyəsinin artması, istər-istəməz övlad sahib olmaq istəyənlərin sayını bir qədər azaldır. Amma bu daha çox bu amillə – insanların qayığılarla yüklənməsi, məşğulluğu, işə bağlanması ilə – iqtisadi rifahın ənənəvi sabit göstəricilərinin əhəmiyyət dərəcədə zəifləməsi ilə bağlıdır. Ümumi rifah var, amma məşğulluq səviyyəsi həddən artıq yüksək və qeyri-sabitdir. Avropanın özündə belə, insanlar dördgünlük iş rejimə keçməyi barədə düşünürlər. İstəyirlər ki, həm övlada, ailəyə olan qayığı imkanları genişlənsin. İnsanlar rifah müqabilində özünə diqqəti daha çox artırırlar. Dünyaya övlad gətirmələrinin müəyyən bir stimula çevrilməsi, xüsusi bir dövlət siyasətinin formalaşması mütləqdir. Yəni dövlət şəxsiyyət amilinə önəm verməsi çox yaxşıdır. Amma dövlət uşaq şəxsiyyətini valideyninki ilə yanaşı qoymalıdır. Valideyn mütləq şəkildə ailə hədəfi və dünyaya övlad gətirməyi qanuniləşdirilsə daha yaxşıdır. Uşaq hüquqları xüsusi olaraq tanınır. Amma sosial hüquqlar fərdi xarakter daşıyır. Uşağa olan dəyər ailəyə olan dəyərlə eyniləşdirilsə, münasibət dəyişəcək və Avropa bunun fərqindədir. Avropalı uşaq dünyaya gətirmək istəmirsə, dövlət demoqrafik problemələrini miqrasiya hesabına həll edir və artım da qarışıq nəsillərin hesabına baş verir. Avropa xanımlarının əhəmiyyətli bir kəsimi də bir övladla kifayətlənir, müəyyən fiziki formada qalmağa və yaxud da idarəçiliyə, sosial-iqtisadi məsələlərdə fəal mövqe tutmaq üstünlük verirlər. Bu səbəbdən ailə məsələsinə münasibət dəyişir.
– Mövcud tendensiyalar davam edərsə, yaxın 20-30 ildə Azərbaycanın demoqrafik strukturu necə dəyişə bilər?
– Azərbaycanın demoqrafik strukturunda Belarusda yaşanan vəziyyətin təkrarlanması yaxın 20-30 ildə 60 faiz ehtimal olunan məsələdir. Tendensiyaların dəyişməsi halında əhali sayının 12-13 milyona çatması mümkündür. Yaxın 20-30 il üçün bunu proqnozlaşdırmaq mümkündür. Yox əgər azalma tendensiyası davam edərsə, 1-2 milyon azalma gözlənilir və həmin müddətdə Azərbaycanın əhalisi yenidən 8-9 milyona qədər enə bilər. Bu sosial-demoqrafik strukturda deyək ki, əhalinin kəskin yaşlanması və yaxud yaşlı – 70 yaşdan yuxarı əhalinin sayının qırx faizdən artıq olması baş verərsə, hökumət pensiya yaşını bu həddə qədər artırılması barədə düşünməli olacaq. 10 yaş artırma tendensiyası ilə müəyyən bir balans yaratmağa çalışacaq. Amma bu şərti məsələdir. Əhalinin qocalması, məhsuldar əhalinin sayının azalması innovasiyaların, yeniliklərin məhdudlaşması və sosial-iqtisadi sferada ətalət, durğunluq deməkdir. İnkişaf, yenilənmə, tərəqqi üçün əhalinin təbii artımı vacib şərtdir. Biz də bu məsələlərdə həm maarifləndirmə, həm iqtisadi fəallıq, həm də yəni dövlətin strateji hərəkət planlarının, modellərinin təkmilləşdirilməsi baxımından önəmli addımların atılmasını məqsədəuyğun sayırıq.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.