AZ

Alıcılar üçün vacib xəbər: Köhnə məhsul satanlara SƏRT CƏZA

Gündəlik alış-veriş zamanı istehlakçıların diqqət yetirməli olduğu ən vacib məqamlardan biri məhsulların son istifadə tarixidir. Lakin bəzi satış obyektlərində vaxtı keçmiş məhsulların rəflərdə saxlanılması, hətta satışa çıxarılması kimi narahatedici hallara rast gəlinir. Bu isə həm insanların sağlamlığı, həm də istehlakçı hüquqları baxımından ciddi risk yaradır.

Bəs vaxtı keçmiş məhsulu satışa təqdim edənləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, saxlama müddəti bitmiş məhsulların satışa çıxarılması istehlakçı hüquqlarının kobud şəkildə pozulması hesab olunur.

Tağı Hüseynov

Onun sözlərinə görə, bu kimi hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə tənzimlənir.

“Qanunvericiliyə əsasən, belə pozuntulara görə müxtəlif kateqoriyalar üzrə cərimələr tətbiq olunur. Belə ki, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilə bilər”, – deyə o qeyd edib.

Tağı Hüseynov vurğulayıb ki, bu cərimələrin əsas məqsədi istehlakçıların sağlamlığının qorunması və bazarda keyfiyyətsiz məhsulların dövriyyəsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, mütəxəssis vətəndaşlara məhsul alarkən son istifadə tarixlərinə diqqət yetirməyi, hər hansı pozuntu ilə qarşılaşdıqda isə aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
24
1
konkret.az

1Mənbələr