AZ

Bakıda yağış kabusu: Evlər və küçələr su altında

Son günlər intensiv yağan yağışlar Bakının Sulutəpə qəsəbəsində ciddi fəsadlara səbəb olub.

KONKRET.az redaksiyasına daxil olan videogörüntülərdən məlum olur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Pənahabad küçəsində məhəllələrlə yanaşı, yaşayış evlərinin həyətləri və zirzəmiləri su altında qalıb.

Sakinlərin sözlərinə görə, kanalizasiya sisteminin qənaətbəxş olmaması səbəbindən yağış suları həyətlərə dolub. Bu isə qəsəbə sakinlərinin gündəlik həyatına ciddi çətinliklər yaradıb, xüsusilə onların işə getməsində problemlər yaranıb.
Pənahabad sakinləri aidiyyəti qurumlardan məsələyə operativ müdaxilə edilməsini, eyni zamanda kanalizasiya xətlərinin təmir olunmasını tələb ediblər.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna ADSEA-dan cavab olaraq bildirilib:

“İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Güclü yağıntılar zamanı bəzi ərazilərdə yağış sularının toplanması müşahidə olunur. Drenaj sistemləri olmayan yollarda yağış suları tullantı su xətlərinə yönləndirilir ki, bu da kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların axıdılmasında çətinliklərin yaranmasına səbəb olur.

Bəzi ərazilərdə isə mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri mövcud deyil. Bu kimi hallarda problemlərin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş rejimdə çalışır. Tullantı su şəbəkəsi olmayan ərazilərə sukanal idarələrinin qəza briqadaları cəlb olunur və toplanan yağış suları mümkün şərait daxilində idarə edilir.

Eyni zamanda, tullantı və yağış xətlərində mütəmadi monitorinqlər aparılır, kollektor quyuları və daşıyıcı xətlər yoxlanılır. Tutulma aşkarlanan xətlərdə xüsusi texnikalar vasitəsilə təmizləmə işləri görülür.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət genişləndirilib. Xətlərin açılması, suların çəkilməsi və mövcud sistemlərə yönləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu prosesə müxtəlif təyinatlı texnikalar cəlb olunub. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətində tədbirlər intensiv şəkildə davam etdirilir”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
5
28
konkret.az

10Mənbələr