AZ

Erməni vandalizminin qanlı izi

Martın 31-i Azərbaycan tarixində yalnız hüzn günü deyil, eyni zamanda, milli yaddaşın, tarixi ədalət uğrunda mübarizənin təcəssümüdür. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar erməni millətçiliyinin “böyük Ermənistan” kimi mifik ideologiyası əsasında həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, uzun illər ərzində bu faciənin əsl mahiyyəti gizlədilib, yalnız müstəqillik dövründə dövlət səviyyəsində bu məsələyə obyektiv və hüquqi-siyasi qiymət verilib. 1998-ci il 26 mart tarixli Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi, əslində, tariximizin saxtalaşdırılmış səhifələrinin üzə çıxarılması istiqamətində dönüş nöqtəsi olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, bu addım yalnız anım xarakteri deyil, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini xalqımıza qarşı həyata keçirilmiş cinayətkar siyasətə yönəltmək məqsədi daşıyır: “Tarixi faktlar və çoxsaylı araşdırmalar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədilib. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan quberniyası və digər bölgələrdə on minlərlə dinc insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəni və dini abidələr yerlə-yeksan edilib. Həmin qırğınlar zamanı 30 mindən çox azərbaycanlı öldürülüb, on minlərlə insan öz doğma yurdlarından didərgin salınıb. Şamaxı qəzasında yüzlərlə kəndin dağıdılması, minlərlə insanın, o cümlədən qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi bu faciənin miqyasını açıq şəkildə göstərir. Quba qəzasında isə yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İrəvan quberniyasında və Zəngəzurda törədilmiş hadisələr də eyni qəddarlıqla həyata keçirilib. Təkcə İrəvan quberniyasında yüzlərlə kənd dağıdılıb, on minlərlə azərbaycanlı qətlə yetirilib və ya qaçqın vəziyyətinə düşüb. Bu faktlar bir daha təsdiq edir ki, azərbaycanlılara qarşı həyata keçirilən siyasət epizodik deyil, sistemli və məqsədyönlü olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, sonrakı dövrlərdə isə kütləvi qırğınlar və deportasiyalar bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 1905, 1918-ci illər hadisələri, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası bu qanlı siyasətin ayrı-ayrı mərhələləridir”.

Tahir Mirkişili qeyd edib ki, xüsusilə 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq soyqırımının real miqyasını təsdiqləyən ən mühüm sübutlardan biri olub: “Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Eyni zamanda, 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması bu istiqamətdə aparılan dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu sənədlər yalnız tarixi yaddaşın qorunması deyil, həm də beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasıdır. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaların, ictimai təşkilatların və hər bir vətəndaşın bu istiqamətdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Tarixi həqiqətlərin unudulmaması, saxtalaşdırılmasına yol verilməməsi və beynəlxalq səviyyədə tanıdılması dövlətimizin prioritet istiqamətlərindən biridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbə isə bu ədalət mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, şəhidlərimizin qisasını döyüş meydanında alıb”.

Seçilən
13
2
sabahinfo.az

10Mənbələr