AZ

Müasir dövrdə tullantıların idarə olunması və “sıfır tullantı” həyat tərzi aktuallıq qazanır

Sıfır tullantı həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirici fəaliyyətlər cəmiyyətin ekoloji şüurunun artırılması, gənclərdə məsuliyyətli davranışın formalaşdırılması və ətraf mühitin qorunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Müasir dövrdə tullantıların idarə olunması və ətraf mühitin qorunması qlobal səviyyədə ən aktual məsələlərdən birinə çevrilib. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bu barədə QHT.az-a açıqlamasında bildirib ki, sürətli urbanizasiya, əhali artımı və istehlak vərdişlərinin dəyişməsi nəticəsində yaranan tullantıların həcmi ildən-ilə artır.

İradə Həsənovanın sözlərinə görə, tullantıların idarə edilməsi yalnız onların toplanması və daşınması ilə məhdudlaşmır, eyni zamanda emal, utilizasiya, təkrar istifadə və təkrar emal proseslərini də əhatə edir. O qeyd edib ki, bu sistemin əsas məqsədi resurslardan səmərəli istifadə, ətraf mühitə təsirin minimuma endirilməsi və əhalinin sağlamlığının qorunmasıdır.

Sədr vurğulayıb ki, hazırkı şəraitdə “sıfır tullantı” həyat tərzinin təşviqi həm ekoloji, həm də sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu yanaşma ənənəvi “istehsal et – istifadə et – at” modelindən daha davamlı olan “azalt – təkrar istifadə et – təkrar emal et” modelinə keçidi sürətləndirir.

İ.Həsənova bildirib ki, sıfır tullantı təşəbbüsləri bir neçə istiqamətdə mühüm nəticələr verir. O, xüsusilə torpaq, su və havanın çirklənməsinin azalmasını, karbon emissiyalarının aşağı düşməsini, təbii ehtiyatlara qənaəti və ictimai sağlamlığın yaxşılaşmasını önə çəkib.

O bildirib: “Sıfır tullantı yalnız ekoloji təşəbbüs deyil, həm də sağlam həyat mühitinin formalaşdırılması vasitəsidir".

İradə Həsənovanın sözlərinə görə, bu həyat tərzinin geniş yayılması üçün maarifləndirmə tədbirlərinin artırılması vacibdir. Xüsusilə məktəblərdə, ali təhsil müəssisələrində və ictimai platformalarda ekoloji biliklərin gücləndirilməsi, tullantıların çeşidlənməsi üçün ayrıca qutuların yerləşdirilməsi və bu mədəniyyətin formalaşdırılması mühüm rol oynayır.

Sədr əlavə edib ki, birdəfəlik plastikdən imtina, məişətdə qida tullantılarının azaldılması, kompostlaşdırma və təkrar istifadə vərdişlərinin gündəlik həyata daxil edilməsi əhəmiyyətli nəticələr verə bilər.

Onun sözlərinə görə, Azərbaycanda son illərdə tullantıların idarə olunması sahəsində müəyyən irəliləyişlər müşahidə olunsa da, sıfır tullantı həyat tərzinin geniş yayılması üçün daha sistemli yanaşmaya ehtiyac var. Xüsusilə regional səviyyədə çeşidlənmə infrastrukturunun inkişafı və ictimai iştirakçılığın artırılması əsas prioritetlərdən hesab olunur.

İ.Həsənova qeyd edib: “Hər bir fərdin gündəlik davranışında kiçik dəyişikliklər etməsi belə ümumi ekoloji vəziyyətə müsbət təsir göstərə bilər".

Sədr sonda vurğulayıb ki, sıfır tullantı yanaşması davamlı inkişafın əsas istiqamətlərindən biridir və bu model gələcək nəsillər üçün sağlam, təhlükəsiz həyat mühitinin təmin edilməsinə xidmət edir.

Fatimə Nəbiyeva

Seçilən
54
qht.az

1Mənbələr