AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I); 2024, № 9, maddə 1100; 2025, № 12 (II kitab), maddə 1231) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nın II bölməsinin 3-cü hissəsinin birinci cümləsində “hərracların və ya dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində” sözləri “elektron hərracların və ya dəyəri 5000 manatdan az olan daşınar əmlakın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə” sözləri ilə əvəz edilsin.

2. “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652 (Cild I); 2024, № 9, maddə 1067) ilə təsdiq edilmiş 11 nömrəli forma yeni redaksiyada verilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606, № 9, maddə 1067; 2025, № 2, maddə 193, № 7, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissənin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5) icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verir;”;

3.2. 12-1-ci hissənin birinci cümləsinə “notariat qaydasında təsdiqi zamanı” sözlərindən sonra “, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın əldə olunması barədə şəhadətnamələr (fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi ilə bağlı verilən şəhadətnamələr istisna olmaqla) verən zaman” sözləri əlavə edilsin;

3.3. 15-ci hissənin ikinci abzasından “yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi,” sözləri çıxarılsın;

3.4. 49-cu hissənin on üçüncü abzasında “açıq hərracdan” sözləri “hərracda” sözü ilə əvəz edilsin;

3.5. VIII fəsil aşağıdakı redaksiyada verilsin:

“VIII fəsil

İCRA SƏNƏDLƏRİNİN MƏCBURİ İCRASI İLƏ ƏLAQƏDAR DAŞINMAZ ƏMLAKIN VƏ RƏSMİ REYESTRDƏ ÜZƏRİNDƏ HÜQUQLAR QEYDİYYATA ALINAN DAŞINAR ƏMLAKIN ƏLDƏ OLUNMASI BARƏDƏ ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

122. İcra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdirilir. Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilən protokol əsasında verilir.

123. Şəhadətnamənin mətnində şəhadətnamənin verilmə tarixi, şəhadətnaməni verən notariusun soyadı, adı, vəzifəsi, tələbkar barədə məlumatlar (fiziki şəxsə münasibətdə - soyadı, adı, atasının adı, FİN nömrəsi, hüquqi şəxsə münasibətdə - adı, təşkilati-hüquqi forması, VÖEN-i, fiziki və ya hüquqi şəxsin qeydiyyat ünvanı), icra orqanının adı, icra məmurunun soyadı, adı, atasının adı, icra işi barədə məlumat, şəhadətnamənin hansı protokol əsasında verilməsi, əmlak və onun satış (əldə etmə) qiyməti barədə məlumat göstərilməlidir.”;

3.6. 160-1-ci hissənin altıncı-doqquzuncu abzasları müvafiq olaraq yeddinci-onuncu abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür.”;

3.7. 169-1-ci hissənin doqquzuncu abzası ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1110 (Cild I); 2025, № 2, maddə 196; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 fevral tarixli 44 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndinin 14–16-cı abzasları ləğv edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ mart ” 2026-cı il

№ 87

Seçilən
25
xalqqazeti.az

1Mənbələr