AZ

13 yaşlı qəhrəmanın hekayəsi fonunda “Tunel qırğını” Ramil Hüseynov danışır...

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də baş verən qırğından 33 il ötür.

Biz indi o hadisəyə obrazlı olaraq “Tunel qırğını” deyirik.

1993-cü ilin mart ayının əvvələrində Kəlbəcərdə vəziyyət pisləşmişdi. Rayonun bütün kəndləri Ermənistan Silahlı Qüvvələrinin Ağdərə, Laçın və Göyçə istiqamətindən açdığı intensiv atəş altında yaşayırdı. Mart ayının sonlarına doğru isə ermənilər 4 istiqamətdə Kəlbəcərə girmək üçün yüzlərlə hərbçidən ibarət dəstələr toplamışdı. Hərbi komandirlər arasında Livan ermənisi , “ASALA” terror təşkilatının qurucularından olan Monte Melkonyan xüsusi fəallığı ilə seçilirdi.

Martın 26-dan etibarən onun başçılıq etdiyi erməni dəstələri Kəlbəcərin kəndlərini tədricən işğal edirdi. Dörd gün sonra bir sıra yaşayış məntəqələri artıq ermənilərin əlinə keçmişdi. Onlar kəndlərdən çıxmağa macal tapmayan mülki əhalini girov götürürdü və onlara işgəncələr verirdilər. Həmin günlərdə Kəlbəcərin bir çox kəndləri informasiya blokadasında olduğu üçün baş verənlərdən xəbərsiz idilər. Buna görə də sakinlər kəndlərdən çıxmamışdılar. Lakin artıq Ağdərə istiqamətində baş verən atışma səsləri kəndlərdə də eşidilirdi. Buna görə də insanların bir hissəsinin kənddən təcili çıxarılması qərara alınır. Onları ölkənin içərilərinə apara yol uzunluğu 200 metr olan tuneldən keçirdi. Bu tunel Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolu idi. Həm də mülki əhali və geri çəkilən Azərbaycan hərbçiləri üçün son ümid idi.

1993-cü il martın 31-də Livan əsilli erməni terrorçu Monte Melkonyanın başçılıq etdiyi dəstə Kəlbəcərin “Tunel” adlanan ərazisində 4 avtomobili pusquya salaraq atəşə tutub. Yük maşınlarından birini yandırıb, 20 yaşlı yaralı əsgərlə 58 yaşlı Qəzənfər Qarayevi onun alovuna atıblar.

Tuneldə baş verən qırğından danışanda müxtəlif rəqəmlər səsləndirilir. Bəzi mənbələrə görə, hadisə yerində 64 nəfər olub – Balakəndən olan 1 hərbçi ilə Kəlbəcər və Laçın sakinlərindən ibarət 63 mülkü şəxs. Onlardan 23-ü uşaq, 20-si isə qadın olub. 5 nəfər qaçıb xilas ola bilib. Qalan 59 nəfər öldürülüb və ya ağır yaralanaraq girov götürülüb. Girovların 29-u müxtəlif vaxtlarda azad ediliblər, digərləri barədə bu günə qədər də dəqiq məlumat yoxdur.

Digər mənbələrə görə, isə hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Onların 50-sindən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, 3-4 il ermənilər tətəfindən dözülməz işgəncələrə, zülmə məruz qalıb. Əsirlikdən qayıdanların, demək olar ki, hamısı sağlamlığını itirib, bəziləri erkən vəfat edib.

Bu hadisə 1918-ci il martın 31-dən 75 il sonra, yenidən martın 31-də ermənilər tərəfindən törədilmiş cinayətdir.

Hadisənin canlı şahidi olan, o vaxt üçün 13 yaşlı qəhrəman Ramil Hüseynov da indi o günləri dəhşətlə xatırlayır.

Ramil Hüseynov özünü tunelin qırağıyla çaya atıb, sonra da üzərək gəlib tunelə tərəf gələn maşın karvanına tunelin o başında nələr baş verdiyini xəbər vermişdi. Verməsəydi, həlak olanların sayı-hesabı bilinməzdi. Yalnız bu xəbərdən sonra gələnlər alternativ dağ yolları ilə Murovun qarlı-buzlu aşırımlarından aşaraq Gögyöl rayonuna və Daşkəsənə gəlib çıxmışdılar.

O özü bu barədə deyir:

“Martın 30-u axşam 7-8 radələri idi. Laçında alov qalxdı. Əvvəlcə elə bildik, ot tayasına od düşüb. Sən demə, erməni quldurları imiş, girib kəndi yandırıblar. Ağsaqqalar yığışdı, dedilər, səhər tezdən kənddən uşaqları, yaşlıları və qadınları çıxardaq. Atam evə gələnə dedi ki, Ramil, sən də hazırlaş, gedirsən. Həmin gün. Kəlbəcərin Günəşli kəndinin yaxın qohum və qonşulardan ibarət 25 sakini “Qaz 52” markalı yük maşını ilə Gəncəyə doğru yola düşdük”.

Ramil Hüseynov hadisə gününü xatırlayanda bunları deyir:

“Tuneldən çıxdıq, heç kimi görmürdük. Nə maşın var idi, nə adam. Bir nöqtəyə çatandan sonra qəflətən bizi güllə qabağına verdilər. Ancaq əvvəl bilmədik ki, haradan atırlar. Sürücümüz Qoşqar maşını saxladı, düşüb nə olduğuna baxanda ayağından vurdular. Onun yanındakı adamlar isə güllə yarasından dünyasını dəyişdi. Qonşumuz Əsgərxan dayı da maşından atdı özünü. Onun da ayağından vurdular. Maşından üçüncü özünü atan isə mən oldum. Üzü üstə yerə yıxıldım. Arxa təkərin arasında yer var idi, ora sığınıb gizləndim. Səhər olsa da, sonradan atılan güllələrin izindən bildik ki, hansı istiqamət idi. Çünki güllələr sanki yanırdı, işıq var idi. Bir andaca qan hər yeri götürdü. Təsəvvür edin, maşının içindən üstümə qan damcılayırdı”.

Ramil Hüseynov deyir ki, ölən günümə qədər unuda bilmədiyim hadisələr var:

“Kamazı yandırdılar. Validə var idi, balaca bacısını kürəyinə aldı ki, qaçsın. Onu da gözümün qabağında vurdular. İslam var idi, yaralı halda yerə düşəndə vurdular. Bağırsaqları dağılmışdı. İki-üç dəfə “ay qağa, ay qağa” dedi, sonra səsi kəsildi. Məhəmməd dayı ondan 2 metr aralı idi, ancaq oğluna kömək edə bilmirdi. Yanımızda su olsa da, o suyu istəyən yaralılara verə bilmirdik. Kamazı yandırmışdılar ki, hamı düşsün və bizi elə ataşə tuturdular. Sonradan başqa maşınlar da görünməyə başladı. Gələni vururdular”.

Əlbəttə, bu cür bir faciənin 13 yaşlı bir uşağın gözü qarşısında olması dəhşətin necə sərhədsiz olduğunu göstərir. Ancaq uşaq olsa da, böyük əzmi, cəsarəti, çevikliyi sahəsində həm özü xilas ola bilmişdi, həm də minlərlə insanı xilas etmişdi. Necə? Bu barədə də Ramil Hüseynovun özü deyir:

“Saat 3-4 olardı, Ağdərə istiqamətindən erməni əsgərləri gəldilər. Tunelin kruqundan töküldülər, maşınların yanına gəldilər. Bizim yanımıza da gəldilər ki, sağ qalanları aparsınlar. Fikirləşdim ki, bunlara əsir getməkdənsə, özümü atıb öldürüm. Ölsəm ölərəm, qalsam qalaram. Ailəm də kənddə idi. Yavaş-yavaş dərənin qırağına tərəf gəldim, ermənilərin başı qarışan kimi özümü atdım. Arxamca qışqırdılar ki, dayan. Ancaq gec idi”.

Bəli, Ramil Hüseynov o gün qaçıb xilas ola bilmişdi, üstəlik, o balaca amma böyük ürəyi dözməmişdi, geri qayıdaraq yolda qarşısına çıxan hər kəsə xəbər vermişdi. Onun bu əməli yüzlərlə, minlərlə insanın xilasına səbəb oldu.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr