Bakı, 31 mart, AZƏRTAC
Gənc nəsildə tarixi yaddaşı gücləndirmək, milli faciələrimiz barədə dolğun məlumat təqdim etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə xalqımıza qarşı 1918-ci ilin mart hadisələri zamanı törədilmiş soyqırımı faktlarını əks etdirən nəşrlər, arxiv materialları və müxtəlif elmi ədəbiyyatlar nümayiş olunur. Burada Azərbaycanın müxtəlif bölgələrində baş vermiş qırğınlarla bağlı faktların, sənədlərin, həmçinin yerli və xarici müəlliflərin araşdırmalarının yer aldığı “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II beynəlxalq elmi konfransın materialları, “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası”, “Soyqırımlar xalq yaddaşında. Beynəlxalq elmi konfransın materialları”, “Soyqırımı cinayəti (beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhklər toplusu)”, “Soyqırımı tarixinin dastanı” və digər nəşrlər var.
Sərgidə nümayiş olunan nəşrlərin elektron variantını oxucular kitabxananın rəsmi saytından da əldə edə bilərlər.