AZ

NASA “Artemis 2” missiyasının buraxılış öncəsi geri sayım prosesinə başlayıb

Bakı, 31 mart, AZƏRTAC

NASA-nın Kennedi adına Kosmik Mərkəzində “Artemis 2” pilotlu missiyasının buraxılış öncəsi geri sayım proseduruna başlanılıb. Bu, 50 ildən artıq fasilədən sonra insanın Aya ilk uçuşu olacaq.

AZƏRTAC NASA-ya istinadla xəbər verir ki, geri sayım martın 30-da yerli vaxtla saat 16:44-də (Bakı vaxtı ilə 00:44) rəsmi olaraq başlayıb. Dörd astronavtdan ibarət ekipajla “Space Launch System” (SLS) raketdaşıyıcısının buraxılışı aprelin 1-də yerli vaxtla saat 18:24-ə (2 aprel, Bakı vaxtı ilə 01:24) planlaşdırılıb.

Hazırda NASA mütəxəssisləri raketin və “Orion” kosmik gəmisinin bütün sistemlərinin kompleks yoxlanışını aparırlar. Bu çərçivədə bort avadanlığının aktivləşdirilməsi, rabitə kanallarının test edilməsi, eləcə də kriogen sistemlərin maye hidrogen və oksigenlə doldurulmağa hazırlanması həyata keçirilir. Bildirilir ki, bu əməliyyatlar yüksək dəqiqlik və koordinasiya tələb edir.

NASA-nın məlumatına görə, hava şəraiti buraxılış üçün 80 faiz əlverişlidir. Bununla yanaşı, kosmik hava ilə bağlı müəyyən risklər qalır, belə ki, Günəşdə baş vermiş güclü partlayış və koronal kütlənin atılması Yerə qismən təsir göstərə bilər. Bu səbəbdən buraxılışın təxirə salınması ehtimalı qalır, ehtiyat tarixlər isə aprelin 6-dək nəzərdə tutulub.

Ekipaj heyətinə NASA-nın astronavtları Rid Uayzman (komandir), Viktor Qlover və Kristina Kox, həmçinin Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen daxildir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş həyata keçirəcək, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

NASA-nın buraxılış öncəsi mətbuat konfransı və sistemlərin hazırlığına dair yekun hesabat bu günə planlaşdırılıb. Raketin yanacaqla doldurulması prosesinin canlı yayımı aprelin 1-də başlayacaq, buraxılışın rəsmi yayımı isə startdan bir neçə saat əvvəl təqdim olunacaq.

Seçilən
30
3
azertag.az

4Mənbələr