AZ

Tətildən sonra işə qayıdanların ən böyük SƏHVLƏRİ – Psixoloqdan xəbərdarlıq

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar ardıcıl 12 günlük uzun istirahət dövrü yaşadıq. Bu müddət ərzində insanlar gündəlik iş rejimindən uzaqlaşaraq daha sərbəst həyat tərzinə keçdi, yuxu saatları dəyişdi, məsuliyyət hissi isə müəyyən qədər arxa plana keçdi. Belə uzun fasilələrdən sonra isə bir çox insanın yenidən iş mühitinə qayıtmaqda çətinlik çəkməsi artıq müşahidə olunan bir haldır. Əksər hallarda istirahətdən sonra adaptasiya prosesi ləng gedir, motivasiya aşağı düşür və əvvəlki iş ritminə qayıtmaq müəyyən zaman tələb edir.

Bəs bu dönəmdə nələrə diqqət edilməlidir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Tətildən sonra işə adaptasiya ilk növbədə zamanla bağlı bir prosesdir və hər kəsdə fərqli tempdə gedir. Əgər iş mühiti stresslidirsə və ya məsuliyyət yükü yüksəkdirsə, adaptasiya mərhələsi daha da uzana bilər. Bu səbəbdən burada yalnız vaxt faktoru deyil, həm də əmək fəaliyyətinin xarakteri və iş şəraiti mütləq nəzərə alınmalıdır.

İnsan psixologiyası komfort zonasını qorumağa meyllidir. Tətildə formalaşan rahatlıq, sərbəstlik və aşağı məsuliyyət hissi beyində normal vəziyyət kimi qəbul olunur. İşə qayıtdıqda isə bu rahatlıq pozulur və insan təbii olaraq müqavimət göstərir. Xüsusilə rəqəmsal dünyada sürətli və asan zövq verən fəaliyyətlərin çoxluğu insanın tənbəlliyə meylini daha da artırır və uzunmüddətli fokus tələb edən işlərə uyğunlaşmanı çətinləşdirir”.

Psixoterapevt qeyd edir ki, düzgün adaptasiya strategiyası vacibdir: “İşə qayıdan kimi yüksək performans gözləmək real deyil, çünki beyin və bədən hələ yeni rejimə tam uyğunlaşmayıb. Buna görə də başlanğıcda daha yumşaq keçid etmək məqsədəuyğundur. Gün ərzində kiçik fasilələr vermək, iş yoldaşları ilə qısa və səmimi dialoqlar qurmaq həm psixoloji rahatlıq yaradır, həm də iş mühitinə yenidən inteqrasiyanı asanlaşdırır. Bu cür mikro addımlar stressi azaldır və motivasiyanı tədricən artırır.

Eyni zamanda, insan özünü şüurlu şəkildə komfort zonasından çıxarmağı bacarmalıdır. Bunun üçün kiçik və real hədəflər qoymaq, iş rejiminə mərhələli şəkildə qayıtmaq və gündəlik ritmi bərpa etmək vacibdir. Beyni yenidən əmək fəaliyyətinə kökləmək üçün davamlılıq əsas rol oynayır”.

Rövşən Nəcəfovun sözlərinə görə, işə qayıdan kimi hər kəs eyni səviyyədə performans göstərə bilməz: “Bu, tamamilə normaldır və fərdi xüsusiyyətlərdən, psixoloji vəziyyətdən və iş şəraitindən asılıdır. Əsas məsələ bu keçid dövrünə anlayışla yanaşmaq və özünə zaman verməkdir.

Əgər adaptasiya prosesi həddindən artıq uzanır və davamlı olaraq işə qarşı istəksizlik müşahidə olunursa, bu artıq sadəcə tətil sonrası hal deyil. Belə vəziyyətdə problem çox vaxt işin özündə deyil, insanın işə olan münasibətində, motivasiyasında və ya ümumi həyat balansında ola bilər. Bu zaman insanın öz prioritetlərini və karyera istiqamətini yenidən dəyərləndirməsi faydalı olar”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
48
50
musavat.com

10Mənbələr