AZ

Bakıda bir stəkan çay içmək niyə lüksə çevrilib? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda restoran və çay evlərində tək stəkan çay sifariş etmək getdikcə çətinləşir. Bir çox iaşə obyekti müştərilərə yalnız baha qiymətə təklif olunan çay dəstgahlarını məcburi seçim kimi təqdim edir. Ya yanında nəsə sifariş verməlisən, ya da dəstgah götürməlisən. Beləliklə, şəhərin mərkəzində çay içmək minimum 7,8 manata başa gəlir. Halbuki, bir stəkan çayın maya dəyəri 40 qəpikdən də azdır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, tək stəkan çay sifarişi obyektlərin sabit xərclərini ödəmir:"Bu praktikanı həm iqtisadi, həm də xidmət sektoru strategiyaları ilə izah etmək mümkündür. Reallıq odur ki, bir stəkan çay sifarişi restoran və çay evlərinin sabit xərclərini qarşılamır. Yəni, elektrik, su, qaz, kirayə və işçi maaşları kimi əməliyyat xərcləri hər sifarişdən asılı olmayaraq qalır. Tək stəkan çay sifariş edən müştəri praktiki olaraq masadan, işçi vaxtından və xidmətdən istifadə edir, lakin ödəniş minimaldır. Bu səbəbdən bir çox müəssisələr yalnız dəstgah formatında satışla həm əməliyyat xərclərini qarşılamağa, həm də minimum gəliri təmin etməyə çalışır".Ekspert bildirib ki, bu yanaşma qiymət fərqləndirmə strategiyasının bir hissəsidir. "Daha böyük paket və ya dəstgah formatını yüksək qiymətə təqdim etməklə müəssisələr gəlir marjasını artırır və eyni zamanda müştəriləri əlavə məhsul və xidmətlərə yönləndirir. Bu strategiya xidmət sektorunda premium təcrübə yaratmaq və müştəriləri daha çox ödəniş etməyə təşviq etmək məqsədini daşıyır. Xidmət sahəsində bu tendensiya həm də əməliyyat səmərəliliyini əks etdirir. Kiçik sifarişlərin emalı işçi və resurs baxımından səmərəsiz ola bilər. Paket satış və minimum sifariş strategiyaları müəssisələrə həm vaxt və əmək sərfini azaltmağa, həm də qiymətləri xərcləri əhatə edən səviyyədə formalaşdırmağa imkan verir".Onun sözlərinə görə, qiymətlərin artması təkcə çayın maya dəyərini deyil, həm də xidmət, məkanın istifadəsi və əməliyyat xərclərini əks etdirir. "Zənnimcə, istehlakçı seçim imkanları qorunduğu halda bu praktika bazar prinsiplərinə uyğundur və xidmət sektorunda müşahidə olunan premiumlaşma və paket satış tendensiyalarının göstəricisidir. Tək çay sifarişlərinin məhdudlaşdırılması yalnız qiymət artırmaq məqsədi daşımır, həm də əməliyyat səmərəliliyi, gəlir marjasının qorunması və müştəri təcrübəsinin optimallaşdırılması məqsədini güdən strateji addımdır".Bakıda çay sifarişi lüksə çevrildiyi halda, qardaş ölkədə məsələ fərqlidir. İstanbulun mərkəzi küçələrində, xüsusən turistlərin sıx olduğu meydanlarda əlində termosla gəzən şəxslər ucuz qiymətə tək stəkan çay təklif edirlər. Onlar iri restoranların dəstgah məcburiyyətinə qarşı daha əlçatan və sürətli alternativ yaradaraq ənənəvi çay mədəniyyətini küçələrdə yaşadırlar. Bu təcrübə göstərir ki, xidmət sektoru nə qədər premiumlaşmağa çalışsa da, sadə və tək stəkanlıq tələb həmişə özünə bazar tapır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
demokrat.az

1Mənbələr