AZ

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

İki ölkə arasında yaradılan kommunikasiya əlaqələri barışın ən güclü zəmanətidir

Uzun müddət münaqişə və hərbi-siyasi qarşıdurma terminləri ilə ifadə olunan Azərbaycan-Ermənistan münasibətləri son aylarda fərqli müstəvidə irəliləyir. Ötən bir il ərzində sülh prosesində əldə olunan uğurlar, diplomatik təmaslar iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açıb. Xüsusən, 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlərdən sonra tərəflər ticarət, nəqliyyat və enerji sektorlarındakı mövcud potensialı reallaşdırmaq məqsədilə praktiki addımlar atmağa başlayıblar. 

İki ölkə arasında onilliklər boyu bağlı qalan nəqliyyat marşrutlarının bərpasına dair ilk real nümunə 2025-ci ilin oktyabrında qeydə alınıb. Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Æomart Tokayevlə mətbuata birgə, Bəyanatında işğal dövründən bəri Ermənistana tətbiq edilən bütün yük tranziti məhdudiyyətlərinin rəsmən aradan qaldırıldığını elan edib. Bu qərar faktiki olaraq iki ölkə arasında yeni iqtisadi münasibətlərin təməlini qoyub. Həmin vaxtdan etibarən Azərbaycan üzərindən Ermənistana mal daşınması mütəmadi xarakter alıb. 

Ermənistan rəsmi dairələri iqtisadi əməkdaşlığı regional əlaqələrin canlanması və qarşılıqlı inamın möhkəmlənməsi üçün həlledici amil kimi dəyərləndirirlər. Baş nazirin müavini Mqer Qriqoryan Qazaxıstanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması İrəvan üçün əhəmiyyətli bir hadisədir. Onun sözlərinə görə, bu, regionun bütün potensialının üzə çıxarılması üçün perspektivlər açır və qarşılıqlı ticarətin artmasına töhfə verir.

Statistik rəqəmlər də müsbət dinamikanı əks etdirir. 2026-cı ilin ilk rübü tranzitin intensivləşdiyini göstərir. Martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə növbəti dəfə Ermənistana 350 ton buğda göndərilib. 19 mart tarixində Azərbaycandan keçməklə Rusiyadan Ermənistana ümumi çəkisi 488 ton olan taxıl yüklü 7 vaqon yola salınıb. Bundan əlavə, martın 11-də və 9-da ümumilikdə 18 taxıl vaqonu Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılıb. Taxılla yanaşı, gübrə və digər məhsullar da daşınır. Martın 24-də 271 ton gübrə və 68 kq qarabaşaq Ermənistana göndərilib. İndiyədək Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə Rusiyadan Ermənistana daşınıb. 

Azərbaycan sülh prosesində, sadəcə, tranzit qovşağı rolunu oynamır, həm də Ermənistana birbaşa enerji məhsullarının satışını həyata keçirir. 2025-ci il dekabrın 18-dən etibarən SOCAR tərəfindən Ermənistana neft məhsullarının ixracına start verilib və 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərilib. Ardınca 2026-cı ilin yanvar, fevral və mart aylarında Ermənistana davamlı olaraq enerji məhsulları, benzin və dizel göndərilib. Cari ilin ilk iki ayında Azərbaycan Ermənistana 4 milyon 220,3 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, Azərbaycanın ümumi ixracının 0,12 faizini təşkil edib. Hələlik əks istiqamətdə mal göndərişi qeydə alınmasa da, bu rəqəmlər uzunmüddətli iqtisadi sükutdan sonra kifayət qədər mühüm strateji və siyasi əhəmiyyət daşıyır. İrəvandan verilən rəsmi bəyanatlara görə, Ermənistan ixrac edə biləcəyi məhsulların siyahısını Azərbaycan şirkətlərinə təqdim edib. Bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa üçün xammal, ferromolibden, ev heyvanları, konyak üçün xammal, tütün və tekstil məhsullarının ixracı imkanlarını müzakirə edirlər: "Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Bizim siyahıda qızılgül və istixana məhsulları, pomidor, bibər də var". 

İqtisadi addımlar sülh prosesini geri dönməz mərhələyə daşıyır. Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatları bu reallığı təsdiqləyir. Baş nazir 2024-cü ilin fevralından bəri sərhəddə ölüm və yaralanma halının qeydə alınmamasını sülhün ən böyük nailiyyəti hesab edir. Paşinyanın sözlərinə görə, əvvəlki dövrlər sülh yox, "müharibənin təxirə salınması" mərhələsi idi. Onun fikrincə, iki ölkə arasında sülh artıq de-yure əsasa malikdir. Paşinyan Ermənistan vətəndaşlarını əldə olunmuş sülhə sahib çıxmağa çağırıb. Baş nazirin açıqlamaları Ermənistan tərəfindəki konseptual dəyişikliyi göstərir. Sülhün alternativi müharibə, fəlakət və bütün regional əməkdaşlıqdan, iqtisadi dividendlərdən təcrid olunmuş Ermənistandır. Paşinyan erməniləri sülhə səsləməklə, toplumu revanşistlərin təhlükəli oyunlarına aldanmamağa, ölkəni yenidən bataqlığa sürükləməməyə çağırış edir.

Nəticə etibarilə, Azərbaycanın Ermənistan üçün tranzit marşrutlarını açması və birbaşa enerji ixracını həyata keçirməsi dayanıqlı sülhlə yanaşı, regionun təhlükəsizlik arxitekturasını da möhkəmləndirir. Bir vaxtların keçilməz sərhədlərindən indi taxıl vaqonlarının və enerji daşıyıcılarının keçməsi sülhün insanların gündəlik həyatına və rifahına toxunan real prosesə çevrildiyini sübut edir. İqtisadi asıllıq müharibə ritorikasını əməkdaşlıq dialoqu ilə əvəz edən ən güclü mexanizmdir. Bu, həmçinin Ermənistanı sülh yolunda daha konstruktiv addımlar atmağa da sövq edir. Əgər tərəflər, ələlxüsus İrəvan bu dinamikanı qoruyub saxlaya bilsə, Cənubi Qafqaz Avrasiyanın mühüm logistik və enerji qovşaqlarından birinə çevriləcək. Prosesdə Azərbaycanın nümayiş etdirdiyi həlledici və konstruktiv mövqe isə təkcə region üçün yox, beynəlxalq birlik üçün də təhlükəsizlik və sabitlik modeli formalaşdırmaqdadır. 

 

İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr