AZ

Bloomberg: LVMH səhmləri Yaxın Şərqdəki münaqişə fonunda 28% ucuzlaşıb

Lüks məhsullar istehsalında ixtisaslaşan Fransanın LVMH (“Louis Vuitton – Moët – Hennessy”) korporasiyasının səhmləri ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda ilin əvvəlindən bəri 28% dəyər itirib. “Bloomberg” agentliyi yazır ki, bu, Avropa İttifaqının ən böyük şirkətlərindən biri üçün rekord enişdir.

Agentliyin məlumatına görə, LVMH səhmlərində belə kəskin düşüş nə 2008–2009-cu illərin qlobal maliyyə böhranı dövründə, nə də 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı böhran zamanı müşahidə olunmuşdu. Bu dinamikanın səbəbləri kimi İran ətrafındakı münaqişə fonunda qlobal iqtisadi artım perspektivlərinə dair narahatlıqlar və turizm axınının azalması göstərilir. Halbuki lüks malların satışları böyük ölçüdə turistlərin hərəkətliliyindən asılıdır.

Bundan əlavə, LVMH İrana zərbələr başlamazdan əvvəl də problemlərlə üzləşirdi — 2025-ci ilin son rübündə satışlar 3% azalmışdı və şirkət 2026-cı ildə də zəif satış dinamikasının davam edəcəyini proqnozlaşdırırdı. Fransız korporasiyası üçün əlavə yük onun spirtli içkilər biznesi, o cümlədən son üç ildə tələbi azalan Hennessy konyakı olub.

Nəticədə şirkətin sahibi Bernar Arnonun sərvəti ilin ilk rübündə təxminən 56 milyard dollar azalaraq 152 milyard dollara düşüb. O, hələ də Avropanın ən varlı şəxsi və dünyanın ən zəngin insanlarından biri olaraq qalır. Bununla belə, Arno ilin əvvəlindən bəri ən çox sərvət itirənlər arasında ikinci yeri tutur — onu yalnız “Oracle” texnologiya şirkətinin təsisçisi amerikalı Larri Ellison qabaqlayır.

Seçilən
6
banker.az

1Mənbələr