AZ

Azərbaycanın Dünya “kosmik klub”unun üzvünə çevrilməsini şərtləndirən amillər

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sənayenin, iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı özünün strateji xəttini müəyyənləşdirdi. Hələ XX əsrin 70-ci illərində əsası qoyulan Azərbaycan kosmik sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə dünya dövlətlərinin təcrübəsindən yararlanmaq və çoxtərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində fikir mübadiləsinin aparılması həmin strateji xəttin tərkib hissəsi idi.  
2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra neft-qaz sənayesinin inkişafı ilə bərabər, qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafına təkan verən bir sıra ilklərə imza atdı. Bu sahələrdən biri də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş kosmik sənayenin inkişafı və Azərbaycanın kosmos dövlətə çevrilməsi oldu.
       
İlk növbədə, qeyd edək ki, peyk planetlərin ətrafında fırlanan göy cisimləridir. Dünyada peyklərin süni və təbii növləri vardır.  Süni peyk yerin ətrafında pilotsuz uçan kosmik aparatdır. Yer ətrafında insan tərəfindən hazırlanan və orbital fəaliyyətdə olan çox sayda süni peyk mövcuddur. Beləliklə, süni peykin dairəvi hərəkət marşrutu orbitdir. Dünyanın tək təbii peyki Aydır. Ümumiyyətlə, “peyk” sözü kosmosa atılan və kosmosda dünya, ya da başqa bir cisim ətrafında hərəkət edən bir maşını ifadə edir. Rabitə peykləri isə telefon danışıqlarının peyk vasitəsilə ötürülməsində mühüm əhəmiyyətə malikdirlər. Bu peyklərin ən mühüm xüsusiyyəti transponderə malik olmalarıdır. Transponderin ən mühüm funksiyası bir tezlikdə danışıqların qəbul edilməsi, onların gücləndirilməsi və sonra siqnalların başqa tezlikdə Yerə qaytarılmasından ibarətdir. Meteoroloji peyklər meteoroloqlara hava durumunu proqnozlaşdırmağa imkan verir. Elmə geostasionar ekoloji istismar peykləri də məlumdur. Bu peyklərin tərkibinə adətən Yerin havasını göstərən kameralar da daxil edilir. Televiziya peykləri isə rabitə peykləri ilə təxminən eyni funksiyaya malik olmaqla, televiziya siqnallarını bir nöqtədən digərinə ötürür. Elmi peyklər, məsələn Edvin Habblın şərəfinə “Hubble Space Telescope” adlandırılan peyk kimi, bütün növ elmi missiyaların yerinə yetirilməsində mühüm rol oynayırlar. Bu peyklər günəş ləkələrindən qamma şüalarına qədər hər şeyi seyr edir. Naviqasiya peykləri təyyarələrə uçmağa və gəmilərə üzməyə kömək edir. Hərbi peyklər də kosmosda fəaliyyət göstərir, lakin onların çoxunun funksiyası gizli qalır. Onlar şifrəli məlumatları ötürə, nüvə silahlarını, düşmən hərəkətlərini izləyə, raket buraxılışları barədə xəbərdarlıqlar edə bilir, yerüstü radiostansiyaları dinləyir, radiolokasiya və xəritə görüntülərini əldə edir.
     
Kosmik sahənin inkişafı  elmi-texniki araşdırmalara və innovasiyalara  geniş imkanlar açır. Avropa institutları artıq kosmik texnologiyaları  ölkələrin rəqabətədavamlılığı üçün əsas vasitə kimi qəbul etmişlər. Qeyd edək ki, kosmik rabitə digər  rabitə vasitələrinə nisbətən 5 dəfə ucuzdur. Beləliklə, müasir  dördə  kosmik sənaye qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə  çevrilmişdir.
Tədqiqatdan aydın olur ki, 2008-2009-cu illərdə dünyada təqribən 270 peyk fəaliyyət göstərirdi və bu peyklərin transponderlərinin ümumi sayı 5 mindən çox idi, 30-dan çox ölkə isə telekommunikasiya peyklərinə malik idi. Peyk rabitəsindən əldə olunan gəlir də artmaqda davam edirdi. 1996-cı ildə bu rəqəm 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə 50 milyard ABŞ dolları, 2008-2009-cu illərdə isə 100 milyard ABŞ dollarına çatmışdır. 
         
Azərbaycan müasir kosmik sənayesinin inkişafı Prezident İlham Əliyevin hakimiyyəti illərində əhəmiyyətli dərəcədə inkişaf etdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində strateji xətt müəyyənləşdirildi. 2008-ci noyabrın 4-də Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır [5]. Sərəncamın mühüm əhəmiyyəti var idi. Belə ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmış, Azərbaycanın strateji baxımdan əlverişli coğrafi mövqedə yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri etmişdir [5]. Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilmişdir. Yəni, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycan  üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş siyasi qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Prezidentin “Azərbaycan Respublikasında yeni və ən texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsinə başlanıldı. Kosmik peyk layihəsinin gerçəkləşdirilməsi məqsədilə orbital mövqe əldə etmək üçün Azərbaycan ilk olaraq Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət etdi.

Azərbaycan Respublikasının Avropa və Asiya arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, peykin orbitə çıxarılması üçün ilk növbədə, orbital mövqe əldə etmək lazım idi. SSRİ dağıldıqdan sonra onun hüquqi varisliyi Rusiyaya keçdiyi üçün keçmiş İttifaq dövlətləri kimi Azərbaycan da öz orbital mövqeyinə malik deyildi. Lakin Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə danışıqlardan sonra bu təşkilat 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə vermişdi.
         
Tədqiq edilən illərdə Azərbaycanda kosmik sənayenin, eləcə də süni peyklərin yaradılması və inkişafını zəruri edən bir sıra amillər var idi. XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin, o cümlədən Azərbaycanın sosial-iqtisadi həyatına ciddi şəkildə təsir göstərirdi. Qlobal xarakterli amillər ölkə həyatının, demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni və s. gedən proseslərə nüfuz edirdi. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairəsinə görə regional, yaxud ölkədaxili amillər mövcuddur ki, ölkənin ictimai həyatının müxtəlif sahələrinin idarə edilməsində onların da nəzərə alınması səmərəli siyasətin formalaşdırılması baxımından vacibdir. Qloballaşma dövründə innovasiya fəaliyyətinin keyfiyyətcə genişlənməsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriləməmək idi. 
         
İlk növbədə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açılmışdı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sənayesindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilirdi. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edirdi.
       
Kosmik sənayenin inkişafına təsir göstərən mühüm amillərdən biri Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi.
       
Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edirdi. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Eyni zamanda aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.

Kosmik sənayenin inkişafını beynəlxalq təcrübə də labüd edirdi. Beynəlxalq təcrübədə Yer səthinin peyk vasitəsilə əldə edilən təsvirlərindən istifadə olunmasının bir sıra faydaları vardır. İqtisadiyyatda və digər sahələrdə az effektivli metodları yeni, daha səmərəli metodlarla əvəzləməklə müxtəlif müsbət nəticələr əldə edilir. Dünyada, eləcə də Azərbaycanda bir sıra sahələrdə kağız daşıyıcılarda xəritə, sxem, plan və digər bu kimi materiallardan istifadəyə daha çox üstünlük verilir, halbuki kağız daşıyıcılarda məlumatın tapılması və işlənməsi çox vaxt aparır, onların yenilənməsi üçün çöl işləri xeyli resurs tələb edir. Peyk təsvirlərindən istifadə etməklə yaradılan elektron məlumatlar isə iş prosesini sürətləndirərək funksional effektivliyi, işin səmərəliliyini artırır və məkan məlumatlarında səhvlərin baş verməsi ehtimalını azaldır. Peyk təsvirləri kənd təsərrüfatının inkişafına şərait yaradır, optimallaşdırma proqramları və naviqasiya cihazları ilə təmin edilmiş xüsusi kənd təsərrüfatı texnikası vasitəsilə suvarma və ya gübrələmə məqsədləri üçün əkin sahəsinin hər bir kvadratmetrinə fərdi yanaşma tətbiq etmək mümkün olmuşdur və bu metod məhsuldarlığı xeyli artıra bilir. Belə qabaqcıl tətbiqlərə başqa nümunə kimi, tıxacların aradan qaldırılması məqsədilə peyk təsvirləri ilə optimal şəhər planlaşdırılması kimi “ağıllı şəhər” komponentlərini və radar peyk təsvirləri vasitəsilə faydalı qazıntı yataqlarının aşkarlanması layihələrini göstərmək olar. 

Peyk təsvirləri vasitəsilə etibarlı, vahid, mərkəzləşmiş Coğrafi İnformasiya Sistemləri (CİS) yaradılır. CİS infrastrukturları sayəsində bir çox fəaliyyət asanlaşır, sürətlənir və təkrarlanma halları aradan qalxır. Bununla yanaşı, müasir dövrdə məsafədən müşahidə texnologiyalarından elmi tədqiqatlar aparılmasında, o cümlədən geologiya, geofizika, seysmologiya, atmosferin və iqlim dəyişmələrinin öyrənilməsi kimi bir çox qlobal əhəmiyyətli sahələrdə də geniş istifadə olunur. 
Eyni zamanda XX əsrin 80-90-cı illərində orbitə çıxarılan peyklər funsional baxımdan daha əhatəli idi. Belə ki, XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən rabitə və teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan vermişdir. XX əsrin 90-cı illərin sonlarından etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirmişdir.  Azərbaycan dünyada baş verən bu proseslərdən kənarda qalmamış, sənayenin bu sahəsinin inkişafı üzrə praktik addımlar atılmışdır.  
       
Araşdırılan illərdə kosmik sahənin inkişafı ilə əlaqədar praktiki işlərin görülməsi davam etdirildi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı ilə Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradıldı [8]. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası haqqında Əsasnamədə onun əsas funksiyaları göstərilmişdir. Şuranın funksiyalarına kosmik fəaliyyət sahəsində dövlət proqramlarından irəli gələn vəzifələrin aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsinin monitorinq edilməsi, kosmik fəzanın, o cümlədən uzaq kosmosun öyrənilməsinə və istifadəsinə dair işlərin aparılması istiqamətində sistemli araşdırmanın təşkil edilməsi, Azərbaycan Respublikasında və xaricdə kosmik fəaliyyətin nəticələrindən istifadənin elmi-texniki, istehsal, istifadəçi, təhsil və innovasiya strukturunun formalaşdırılmasının kompleks problemlərinin həllinə dair təkliflərə baxılması və tövsiyələr verilməsi, kosmik tədqiqatların, o cümlədən kosmik fəzada tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı təkliflərin hazırlanması və s. aid idi. 
Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə verir. İlk növbədə, Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Çünki əvvəllər bu istiqamətdə məlumatları Azərbaycan çox çətinliklə başqa ölkələrdən əldə edirdi. Ancaq Azərbaycanın öz peykinə malik olması onun daxili məsələlərinin  həllinə şərait yaradar. 
2013-cü il fevralın 8-də Azərbaycanın ilk peykinin kosmik fəzaya kosmik fəzaya buraxılması tarixi bir hadisə idi. Bununla Azərbaycan dünya “kosmos klubu”nun üzvünə çevrildi.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peykinin – “Azərspace-l”in uğurla orbitə buraxılması münasibəti ilə Azərbaycan xalqına xitabən etdiyi təbrikində deyirdi: “Bu gün birinci Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdərı təbrik edirəm....Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir”. Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində mühüm işlərin görüləcəyini bildirdi. 

Azərbaycanın iqtisadiyyatında informasiya-kommunikasiya texnologiyaları neftdən sonra ikinci əsas sahə elan olunmuş, bu istiqamət iqtisadiyyatda yüksələn xətlə inkişaf etmiş və bu mənada peyk rabitəsi xüsusi əhəmiyyət kəsb etmişdir. Buna görə də peyk layihələri yalnız siyasi və ya kommersiya səciyyəsi daşımamış, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəlmişdir.
Milli peyk layihəsinin həyata keçirilməsi Azərbaycan üçün bir sıra üstünlüklərə malikdir. Məlum olduğu kimi, hər hansı bir ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin dövlətin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın müasir mərhələdə inkişaf sürəti yeni bazar tələblərinə uyğunluğu və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir.
İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya arasında əlverişli geoiqtisadi, coğrafı, eləcə də, informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici dövlətlərdən asılılığının aradan qaldırılmasını zəruri edir.

Azərbaycanın ikinci peykinin də orbitə buraxılması kosmik sənayenin tarixində mühüm əhəmiyyətə malik idi. “Azersky” peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilmişdir. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuşdur. “Azərkosmos” ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul etmişdir. “Azersky” və Fransanın “Spot-6” peykindən təsvirlərin quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir məntəqəni yüksək keyfiyyətli təsvirlərlə gündəlik izləmək mümkün idi.
Azərbaycanda peyk layihələrinin həyata keçirilməsində bir sıra məqsədlər var idi: milli təhlükəsizliyinin təmin olunması, ölkənin sosial-iqtisadi inkişafı, peyk layihələrinə investisiyaların yatırılması və çoxtərəfli kosmik layihələrdə iştirak etmək və nəticədə dövlətin beynəlxalq nüfuzunun yüksəldilməsi və s.[10]. 
Süni peyklərin orbitə buraxılmasının müxtəlif sahələrin inklişafı ilə bağlı mühüm əhəmiyyəti var idi. İlk növbədə, Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin dünyaya maneəsiz çatdırılmasını təmin edir. Nəticədə Azərbaycanın “Azersky” peyki sayəsində daha əvvəl çıxışı olmadığı ərazilərin, eləcə də dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa çıxış imkanı var. Bununla da kosmosda Azərbaycana məxsus peyklər vasitəsilə ölkəmizin bütün ərazisi nəzarət altında saxlanılır, əldə edilən məlumatlar aidiyyəti dövlət qurumları və müvafiq beynəlxalq təşkilatlara təqdim edilir. Buna uyğun olaraq, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat hazırlanaraq dünya ictimaiyyətinə təqdim olunmuşdur.

Kosmos proqramının inkişafında əsas vəzifələrdən biri ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət etmək və milli iqtisadiyyata birbaşa və dolayı faydalar vermək idi. Kosmik proqramın ilk illərindən peyklərin, ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə, yəni ölkədəki sürətli sosial-iqtisadi inkişafa dəstəyi mühüm əhəmiyyət kəsb edirdi. 2018-ci il noyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə atılan mühüm addımlardan idi. Dövlət Proqramı icrası 30-dək dövlət qurumunu əhatə etməklə iqtisadiyyatın əksər sahələrində yeni və alternativ məlumat mənbəyi kimi peyk müşahidəsinin imkanlarını həyata keçirməyi nəzərdə tuturdu. 

Bu sahədə mühüm vəzifələrdən biri kosmik layihələrə sərf edilən vəsaitlərin kommersiya fəaliyyəti ilə geri qaytarılmasını təmin etmək idi. Peyk layihələrinin həyata keçirilməsi üçün layihə xərcləri, uzunmüddətli öhdəliklər, genişmiqyaslı beynəlxalq əməkdaşlıq, habelə lazımi kəmiyyətdə və keyfiyyətdə mütəxəssislərin mövcudluğu zəruridir ki, bütün bunlar dövlət tərəfindən irihəcmli investisiyalar tələb edir. Bu baxımdan layihələrin həyata keçirilməsi üçün qoyulmuş investisiyaların geri qaytarılması məsələsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, peyk xidmətləri bazarında xüsusilə yüksək rəqabət şəraiti mövcuddur – bazarın əksər hissəsi azsaylı böyük oyunçular tərəfindən bölüşdürülmüş, orta ölçülü oyunçular arasında isə kəskin rəqabət mövcuddur, kiçik oyunçular isə öz spesifik seqmentini tapıb orada möhkəmlənməyə çalışırlar. Belə bir şəraitdə rəqabətə davam gətirə bilməyin heç də asan olmadığı görünür. Bu məqsədlə illər əvvəl peyk xidmətləri bazarına daxil olarkən bazarın dərindən öyrənilməsi məqsədilə geniş biznes-marketinq araşdırmaları aparılıb və araşdırmaların nəticələri əsasında peyklərin orbital mövqeyinin seçilməsi, texniki və biznes dizaynı həyata keçirilmişdir. Sonrakı mərhələdə görülmüş tədbirlər nəticəsində peyk layihələrinin gəlirliliyi təmin edilib. Ümumilikdə, Azərbaycanın peykləri vasitəsilə göstərilən xidmətlərdən 165 milyon ABŞ dolları həcmində gəlir əldə edilmişdir və proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilirdi. Lakin dünya peyk sənayesinin durğunluğu fonunda “Azərkosmos”un vəziyyəti qənaətbəxşdir. Dünyada peyk sənayesinin gəlirləri 2015-ci ildən etibarən hər il təxminən 3 faiz ətrafında yüksəlib, sırf peyk xidmətlərinin göstərilməsi üzrə gəlirlər isə daha az sürətlə artıb, hətta 2018-ci ildə azalma müşahidə olunub. Azərbaycanda isə hələ “Azerspace-2” istismara verilməzdən əvvəl hər il peyk gəlirləri 10-15 faiz artmağa davam edib. “Azerspace-2” kommersiya istifadəsinə başladıqdan sonra isə, yəni 2019-cu ilin 10 ayı ərzində gəlirlər 2018-ci ilin eyni ayları ilə müqayisədə 61 faiz artıb.

Qarşıda dayanan mühüm vəzifələrdən biri beynəlxalq kosmik təşəbbüslərdə Azərbaycanı təmsil edərək onun beynəlxalq nüfuzunu, reputasiyasını yüksəltməkdir. “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıq qurmuşdur. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
“Azərkosmos” artıq qabaqcıl kosmik ölkələrin – Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Hindistan Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), Pakistanın “Milli Kosmik Agentliyi” (SUPARCO) kimi dövlət agentlikləri ilə kosmik sənayedə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın öz peykləri ilə məhdud sayda dövlətləri birləşdirən dünya “kosmik klub”unda özünəməxsus yer tutduğunu bildirmişdir. Bu, sadəcə 3 peyk demək deyil, yüksək texnologiyaların Azərbaycana transferidir. Azərbaycanın ABŞ, Fransa, İngiltərə, Yaponiya, Malayziya kimi kosmik sahədə qabaqcıl ölkələrlə əməkdaşlığı nəticəsində süni peyklər uğurla orbitə buraxılmışdır: “Ölkəmiz kosmik sahə də daxil olmaqla dünya siyasi xəritəsində aktiv iştirakçılardan birinə çevrilib. Bu nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. Çünki bu gün dünyada gedən ictimai-siyasi proseslər təkcə siyasətdə və iqtisadiyyatda deyil, kosmosda da güclü rəqabət yaradır”.

Azərbaycanın peykləri dünyanın müxtəlif regionlarında insanların informasiyaya çıxışını təmin edir, regionlararası rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edir. Məsələn, Azərbaycan süni peykləri yerüstü kabel şəbəkəsinin xeyli zəif olduğu Afrika qitəsinin 60 faizindən çoxuna peyk interneti təqdim edir, Mərkəzi Afrika kimi humanitar böhran yaşanan bölgələrdə BMT missiyalarını rabitə ilə təmin edir, dünyanın müxtəlif münaqişə ocaqlarında sülhün bərqərar olunması təşəbbüslərinə töhfə verir, meşə yanğınları və neft çirklənmələri kimi təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına kömək edir və beləliklə, dünya “kosmik klubu”nun üzvünə çevrilmişdir.

Müasir dövrdə daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli həllər təklif edən özəl şirkətlərin kosmik sənayedə əhəmiyyəti və bazar payı ildən-ilə artır. “Yeni Kosmos” adlanan bu sektor əhəmiyyətli investisiyalar cəlb edir – yeni texnologiyalar və metodlar köhnəlmiş sistemləri sıxışdırdıqca ənənəvi kosmik sənaye böyük dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin mahiyyəti kosmosu və kosmik xidmətləri daha ucuz, sadə və əlçatan etməkdən ibarətdir. Buraya təkrar-təkrar istifadə oluna bilən raketlər, kosmik aparatlarda elektrik mühərriklərindən istifadə edilməsi, kosmik aparatların çəkisinin azaldılması, daha çevik və uyğunlaşa bilən kosmik avadanlıqların istifadəsi və s. aiddir. Bu cür texnoloji dəyişikliklər sayəsində kosmosun getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir,  asan “əmtəə”yə çevirir. Buna misal olaraq smartfonların daxilində istifadə olunan naviqasiya və digər peyk xidmətlərini göstərmək olar. Rəqəmsal dövrün əhəmiyyətli bir reallığı kosmos bazarında da özünü göstərir. 

2018-ci il sentyabrın 26-da Azərbaycan üçüncü peykini kosmosa buraxmaqla [2] dünya dövlətləri içərisində öz nüfuzunu artırmaqla bərabər obyektlər haqqında genişmiqyaslı və yeni və operativ məlumatların əldə edilməsi imkanı da qazanmış oldu. 

Bu münasibətlə çıxış edən dövlət başçısı İlham Əliyev həmçinin peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətini diqqətə çatdırdı: “İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir”.
  
Azərbaycan 2013-cü ildə ilk süni peykini –“Azərspace-1”i uğurla fəzaya buraxdıqdan və dünya kosmik klubunun üzvü olduqdan sonra bu  sahədə layihələrin səmərəliliyi və kommersiya faydaları barədə də kifayət qədər şübhələr var idi. Lakin zaman göstərdi ki, bu sahəyə ayrılan vəsaitlər özünü yalnız iqtisadi sahədə deyil, digər istiqamətlərdə də doğrultdu. Bu peyklər sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə düşmən üzərində ciddi üstünlük qazandı. Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi. Bu peyklərin ötürdükləri məlumatlar sayəsində İkinci Qarabağ müharibəsi dövründə düşmənin cinayət əməllərini aşkar etmək, göstərmək və yalan bəyanatlarını təkzib etmək mümkün oldu.  Müharibədən sonrakı dövrdə isə bu peyklərdən artıq azad edilmiş ərazilərdə yenidənqurma işlərini sürətləndirmək üçün istifadə edilmişdir. 

Azərbaycan kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət vermişdir. “Azərkosmos” ASC 2016-cı ildə “DCS Telecom” və “Don Telecom” kimi aparıcı beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalamışdır. Bu sənədə əsasən, həmin şirkətlər Yaxın Şərq və Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə və digər xidmətlər üzrə “Azerspace-1”in resurslarından istifadə edəcəkdi. “Azərkosmos” ASC Türkiyənin bir sıra radiokanalları ilə də  müqavilələr imzalamışdır. Beləliklə, süni peyklərin buraxılmasının mühüm əhəmiyyətli nəticələrindən biri Azərbaycanın kosmik sənaye sahəsində çoxtərəfli münasibətlər sisteminə qoşulması oldu. 
2020-ci il oktyabrın 12-də keçirilən 71-ci virtual Beynəlxalq Astronavtika  Konqresində Azərbaycan da  iştirak etmişdir. “Kiber Kosmos buraxılışı” mövzusunda keçirilən konqresdə dövlət başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçiriləcəyini, Azərbaycanın 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırdığını bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının Konqresinin Azərbaycanda keçirilməsinin rəmzi məna kəsb etdiyini bildirdi: “Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək.”.
Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi və İKT sahəsində əldə etdiyi böyük nailiyyətlərlə bağlı idi.
Azərbaycanda rəqəmsal coğrafi məlumatlardan istifadəyə tələbat getdikcə artır və bu məlumatların operativ əldə olunmasına ehtiyac vardır. Rəqəmsal coğrafi məlumatların əldə olunmasında təkrarlanma hallarının qarşısının alınmasının vacibliyini və bu məlumatlardan qurumlararası istifadənin genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nəzərə alaraq, respublikada milli məkan məlumatları infrastrukturunun təkmilləşdirilməsi məqsədəuyğun hesab edilir. Milli məkan məlumatları infrastrukturu dedikdə, peyk təsvirləri və digər məsafədən müşahidə məlumatları əsasında müxtəlif dövlət orqanlarının hazırladıqları tematik xəritələrin və məlumatların vahid məlumat bazasında toplanmasını və istifadəçilərin bu məlumatlardan faydalanmasını asanlaşdırmaq üçün “bir pəncərə” prinsipinin tətbiq edilməsini nəzərdə tutan CİS portalı başa düşülür. Bu portal dövlət orqanlarına kommersiya və qeyri-kommersiya təşkilatlarına, fiziki şəxslərə, eləcə də elmi tədqiqatla məşğul olan qurumlara məkan məlumatlarının əldə olunması, qiymətləndirilməsi və tətbiqi üçün zəruri şərait yaradır. Qeyd edilməlidir ki, bir sıra dövlət orqanlarında geniş İT şəbəkəsi infrastrukturunun və elektron məlumat bazasının mövcudluğu respublikada milli məkan məlumatları infrastrukturunun qurulması üçün böyük üstünlük hesab edilir. 
  
Beləliklə, tədqiq olunan illərdə Azərbaycan kosmik sənayenin inkişafı sahəsində mühüm nəzəri və praktik addımlar ataraq bu istiqamətdə nailiyyətlər əldə etdi. Azərbaycan dünya kosmik klubunun üzvünə çevrildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bu sahədə dünya dövlətləri ilə əməkdaşlıq etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edirdi. Azərbaycanda süni peyklərin orbitə buraxılmasının həm ümümi, həm də xüsusi üstünlükləri var idi. Azərbaycan həmçinin kosmik sənayenin inkişafı sahəsində regional mərkəzlərdən birinə çevrildi. Bu baxımdan təqdim olunan məqalə mühüm elmi və siyasi əhəmiyyət kəsb edir. Məqalədə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra kosmik sənayenin inkişafı və süni peyklərin orbitə buraxılmasını şərtləndirən amillər, kosmik kluba üzv olmağın üstünlükləri və s. aktual məsələlərin sistemli şəkildə araşdırılması elmi yenilik səciyyəsi daşıyır və onun əhəmiyyətini daha da artırır.

180373

Xəlilzadə Arzu Cahid qızı
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosenti 

Seçilən
20
2
azedu.az

3Mənbələr