AZ

Elektron siqaret istifadəçilərinin nəzərinə - bu gündən cərimə tətbiq olunur...

Bu gündən Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna 2025-ci il dekabrın 30-da edilən dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minib.

Qanuna əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Həmçinin, qanunda aşağıdakı yeni anlayışlar da müəyyənləşdirilib:

Qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.

Elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.

Bununla yanaşı, bu gündən nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə görə cərimələr

Bu gündən həmçinin Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə görə cərimələr də tətbiq ediləcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə martın 3-də edilən dəyişikliklər aprelin 1-dən qüvvəyə minib.

Qanuna əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

Seçilən
39
35
ikisahil.az

10Mənbələr