AZ

Öskürək 3 həftədən çox davam edirsə, bu xəstəliyin əlaməti ola bilər


Üç həftədən çox davam edən öskürək vərəm əlaməti ola bilər.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, Biruni Universiteti Tibb Fakültəsi Ağciyər Xəstəlikləri üzrə mütəxəssis professor Sinem İliaz vərəm xəstəliyinin hələ də qlobal səviyyədə ciddi ictimai sağlamlıq problemi olduğunu bildirib.
Onun sözlərinə görə, vərəm müalicə oluna bilən xəstəlik olsa da, dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdən biridir.
Dünya Sağlamlıq Təşkilatının məlumatına əsasən, hər il 10 milyondan çox insan bu xəstəliyə yoluxur, 1 milyondan artıq şəxs isə həyatını itirir.
Mütəxəssis vurğulayıb ki, üç həftədən uzun davam edən öskürək, bəlğəmdə qan, gecə tərləmələri, çəki itkisi və halsızlıq vərəm üçün əsas xəbərdarlıq əlamətləridir və bu hallarda gecikmədən həkimə müraciət edilməlidir.
Bildirilib ki, xəstəlik əsasən ağciyərləri zədələyir və hava-damcı yolu ilə yayılır. Xəstənin öskürməsi və ya asqırması nəticəsində mikroblar xüsusilə qapalı və sıx mühitlərdə asanlıqla ötürülə bilir.
Risk qrupuna immun sistemi zəif olanlar, xroniki xəstəliyi olanlar, siqaret istifadəçiləri və qeyri-kafi qidalanan şəxslər daxildir.
Mütəxəssis həmçinin qeyd edib ki, vərəm qarşısı alınabilən xəstəlikdir. Körpəlik dövründə vurulan BCG peyvəndi ağır formaların qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, yaşayış yerlərinin havalandırılması, gigiyena qaydalarına əməl etmək və şübhəli əlamətlər zamanı vaxtında həkimə müraciət etmək vacibdir.

Fəridə Əsədzadə
Seçilən
18
1
yeniavaz.com

2Mənbələr