AZ

“Mina problemləri ölkə başçısının daim diqqətindədir” – Hafiz Səfixanov

Azərbaycan Prezidenti tərəfindən imzalanmış yeni Fərmana əsasən, minatəmizləmə fəaliyyəti zamanı həlak olan və ya aldığı xəsarətlər nəticəsində sonradan həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat məbləğində Prezident təqaüdü təsis edilib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a olan açıqlamasında ölkə başçısının mina təmizləmə fəaliyyəti zamanı həlak olan və ya yaralanaraq sonradan vəfat edən minatəmizləyənlərin ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmanı yüksək qiymətləndirib.

Hafiz Səfixanov bildirib ki, sözügedən fərman olduqca təqdirəlayiqdir və uzun müddətdir gözlənilən mühüm qərarlardan biri idi. Onun sözlərinə görə, bu sənəd mina probleminin dövlət başçısının daim diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.

“Bu bir daha onu göstərir ki, mina problemləri ölkə başçısının daim diqqətindədir və Azərbaycan dövlətinin prioritet sahələrindən biridir” – deyə H.Səfixanov vurğulayıb.

Sədr qeyd edib ki, Azərbaycan ərazisinin təxminən 12-13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Onun sözlərinə görə, bu fakt mina təmizləmə fəaliyyətinin ölkədə hələ uzun müddət davam etdiriləcəyini göstərir.

H.Səfixanovun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda 400-dən çox şəxs mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb. O əlavə edib ki, 1991-ci ildən bu günə qədər isə 3400-dən artıq şəxs mina partlayışlarının qurbanı olub, onlardan 600-dən çoxu həyatını itirib.

Sədr vurğulayıb ki, bu statistikaya mina təmizləmə fəaliyyəti zamanı zərər çəkən əməkdaşlar da daxildir. Onun fikrincə, yeni fərman birbaşa həmin şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

“Bu fərman birbaşa mina təmizləmə fəaliyyəti nəticəsində həlak olan və ya yaralanan minatəmizləyənlərin ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib” – deyə Hafiz Səfixanov bildirib.

O, həmçinin ümidvar olduğunu ifadə edib ki, bundan sonra da mina təmizləmə fəaliyyəti və minaların yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək.

Fatimə Nəbiyeva

Seçilən
6
42
qht.az

10Mənbələr