AZ

Trampın elçisindən mesajlar alıram - İranın XİN başçısı

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə mövcud müzakirələr danışıqlar deyil, birbaşa və ya regiondakı dost vasitəçilər vasitəsilə mesaj mübadiləsi ilə məhdudlaşır.

News365.az xəbər verir ki, “Əl-Cəzirə”yə müsahibəsində Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiv Uittkoffdan birbaşa mesajlar aldığını etiraf etsə də, bunun rəsmi danışıqlar demək olmadığını vurğulayıb.

O, ABŞ mesajlarının Xarici İşlər Nazirliyi vasitəsilə çatdırıldığını və təhlükəsizlik qurumları arasında davamlı əlaqələrin olduğunu qeyd edib. Əraqçi ABŞ-ın İran daxilində heç bir konkret qurumla danışıqların aparmadığını və mesaj mübadiləsinin hökumət çərçivəsində - Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında baş verdiyini iddia edib.

O bu mesajların xəbərdarlıqlar və ya ortaq perspektivlər ehtiva etdiyini və müəyyən kanallar vasitəsilə çatdırıldığını bildirib.

Amerikanın şərtlərinə İranın reaksiyası ilə bağlı Əraqçi bildirib ki, rəsmi Tehran 15 təklifə heç bir cavab göndərməyib və indiyə qədər öz təklifi və ya şərtini də təqdim etməyib.

O, ölkəsinin müharibəyə son qoymaq üçün şərtlərdən danışaraq, atəşkəsi qəbul etməyəcəklərini, əksinə təkcə İranda deyil, bütün regionda hərbi əməliyyatların tamamilə dayandırılmasını istədiklərini  vurğulayıb.

Əraqçi İranın şərtlərinin hücumların təkrarlanmayacağına və itkilərə görə kompensasiyanın təmin edilməsinə zəmanət olduğunu təsdiqləyib. O, danışıqlarla bağlı hələlik heç bir qərar verilmədiyini və İran xalqının təhdid edilə bilməyəcəyini, Amerika prezidentinin onlara hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Dəniz gəmiçiliyinə gəldikdə isə Əraqçi Hörmüz boğazının yalnız İrana qarşı müharibə aparanlar üçün bağlı olduğunu təsdiqləyib. O, dost ölkələrin gəmilərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünü qeyd edib.

Seçilən
4
48
news365.az

10Mənbələr