AZ

Özbəkistan Prezidenti yaşıllıqların genişləndirilməsi ilə bağlı yeni hədəflər müəyyən etdi

BAKI, 1 aprel. TELEQRAF

“Özbəkistanda ekoloji dayanıqlığın təmin edilməsi və yaşıllıqların genişləndirilməsi işləri yeni mərhələyə qədəm qoyur”.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

Dövlət başçısı son illərdə ölkədə genişmiqyaslı yaşıllaşdırma işlərinin aparıldığını qeyd edib. Beş ildir hər il orta hesabla Özbəkistanda 200 milyon ağac əkilir.

Ötən müddət ərzində respublika üzrə 2 min hektardan çox ərazidə yüzlərlə yaşıl bağ və ictimai park, yüz minlərlə hektar ərazidə meşələr salınıb. Aral dənizinin quru dibində də genişmiqyaslı abadlıq işləri aparılıb.

Yeni müəyyən edilmiş hədəflərə əsasən, 2030-cu ilə qədər ölkədə ümumi yaşıllıq səviyyəsini 30 faizə, adambaşına düşən yaşıllıq sahələrini isə 10 kvadratmetrə çatdırmaq planlaşdırılır. Bu hədəflərə çatmaq üçün bir sıra bölgələrdə genişmiqyaslı yaşıllaşdırma layihələri həyata keçiriləcək.

Regionlarda botanika və dendroloji bağların təşkili, əhalinin bu prosesdə iştirakının genişləndirilməsi və gənc mütəxəssislərin hazırlanmasına yönəlmiş “yaşıl texniki məktəblər”in yaradılması vəzifələri də müəyyən olunub.

Mirziyoyev vurğulayıb ki, əkilən hər bir fidan təkcə təbiətin qorunmasına deyil, həm də gələcək nəsillər üçün sağlam mühitin yaradılmasına xidmət edir.

Seçilən
21
teleqraf.com

1Mənbələr