AZ

Azərbaycanda dağ-mədən sənayesi üzrə dövlət proqramı hazırlanacaq

BAKI, TurkicWorld

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, Sərəncamda qeyd olunub:

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur.

Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.

Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi zəruridir.

Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır".

Sərəncama əsasən, Nazirlər Kabineti:

  • "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın (bundan sonra – Dövlət Proqramı) layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
  • Dövlət Proqramının "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsində əhatə olunmasını təmin etməlidir;
  • dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin etməlidir;
  • Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal−emal−son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulmasını təmin etməlidir:

- elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması;

- alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması;

  • Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin etməlidir;
  • metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görməlidir;
  • Elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması, eləcə də alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması üçün Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidir;
  • "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin:

- aktivlərinin "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsini təmin etməlidir;

-kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməlidir;

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir;

  • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sənədə əsasən, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin etməlidir.

Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Seçilən
18
25
turkic.world

10Mənbələr