AZ

Hava təmizləyicilərlə bağlı vacib məlumat – Düzgün istifadə edilməsə…

Müasir şəhər həyatında qapalı məkanlarda keçirdiyimiz vaxtın artması nəfəs aldığımız havanın keyfiyyətini strateji sağlamlıq amilinə çevirib. Hava təmizləyiciləri toz, allergen və zərərli mikrohissəciklərlə mübarizədə effektiv görünsə də, bu cihazların yanlış istifadəsi və ya texniki xüsusiyyətlərinin nəzərə alınmaması gözlənilməz sağlamlıq problemlərinə yol aça bilər.

Texnoloji rahatlıq vəd edən bu qurğular bəzən otaq havasını təmizləmək əvəzinə, yanlış istismar nəticəsində orqanizmin immun sistemini zəiflədən və tənəffüs yollarını qıcıqlandıran bir vasitəyə çevrilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla bildirib ki, hava təmizləyicilərinin faydası ilə bərabər, düzgün seçilmədiyi təqdirdə ciddi fəsadları ola bilər:

“Hava təmizləyiciləri alarkən insanlar çox vaxt onların iş prinsipinə diqqət yetirmirlər. Xüsusilə ozon ifraz edən cihazlar qapalı məkanda təhlükəli konsentrasiya yarada bilər. Ozon güclü oksidləşdiricidir və uzun müddət bu cür havadan nəfəs almaq ağciyər toxumasının qıcıqlanmasına, astma tutmalarının kəskinləşməsinə və xroniki respirator xəstəliklərin yaranmasına səbəb olur. Biz daha çox mexaniki filtrasiya sistemi olan HEPA filtrləri tövsiyə edirik, çünki onlar havaya əlavə kimyəvi maddə qatmadan çirkliliyi kənarlaşdırır”.

Adil Qeybulla

Onun sözlərinə görə, bu cihazların filtrlərinə vaxtında qulluq edilməməsi onları “bioloji bomba”ya çevirir:

“Filtrin funksiyası havadakı zərərli hissəcikləri özündə toplamaqdır. Lakin həmin filtr vaxtında dəyişdirilmədikdə, orada toplanan üzvi tozlar rütubətlə birləşərək bakteriya və kif göbələklərinin sürətlə çoxalması üçün ideal mühit yaradır. Belə halda cihaz işə düşərkən otağa təmiz hava deyil, toplanmış mikrob və sporlar yayılır. Bu da allergik reaksiyaların kəskin artmasına və müxtəlif infeksion risklərə yol açır. İstifadəçilər filtrləri mütləq istehsalçının təyin etdiyi müddətdən də tez yoxlamalıdırlar”.

Adil Qeybulla qeyd edib ki, hava təmizləyicisi heç bir halda otağın təbii havalandırılmasını əvəz etməməlidir:

“Ən böyük yanlışlıqlardan biri cihaz işləyən zaman pəncərələri bağlı saxlamaqdır. Unutmaq olmaz ki, bu cihazlar karbon qazını (CO2) oksigenlə əvəz etmir, sadəcə mövcud havanı süzür. Pəncərələr açılmadıqda otaqda oksigen azalır, bu isə beyin fəaliyyətinin zəifləməsinə, yuxululuğa və baş ağrılarına səbəb olur. Həmçinin həddindən artıq steril mühit yaratmaq, xüsusən uşaqlar üçün zərərlidir; çünki immunitet ətraf mühitdəki zəif mikroblarla təmasda olaraq möhkəmlənməlidir. Sağlamlıq üçün həm texnoloji təmizləmə, həm də təbii havalandırma balansı qorunmalıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
20
nocomment.az

1Mənbələr