Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 234 milyon 436 min manat, icbari sığorta növləri üzrə 43 milyon 126 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 6,5% və ya 14 milyon 346 min manat artıb. İcbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 29,4% və ya 17 milyon 990 min manat azalıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 39,4% artaraq 121 milyon 772 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 27,3% artaraq 27 milyon 28 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-fevral aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 51.9 manat sığorta ödənişi edilib. Bu rəqəm ötən ilin eyni dövründə 39.7 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 62,7 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk iki ayında 34,7 manata bərabər idi.