AZ

Siyasi şərhçi: Aprel döyüşləri bir xəbərdarlıq idi, amma çoxları bunu görməzdən gəldi

Bakı, 1 aprel, AZƏRTAC

2016-cı ilin Aprel döyüşləri Azərbaycan ilə Ermənistan arasında uzun müddət səngiməyən münaqişə fonunda olduqca həlledici əhəmiyyətə malik “dördgünlük müharibə” kimi tarixə düşüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.

Onun sözlərinə görə, bu, qısa, lakin həlledici bir eskalasiya idi. Çünki 1990-cı illərdən sonra Ermənistan bölgədə elə bir mif və illüziya formalaşdırmışdı ki, bir çoxları Qarabağın işğaldan azad edilməsinin mümkünsüz olduğunu düşünürdü. Digər tərəfdən isə bəzi beynəlxalq təşkilatların təsiri nəticəsində Qarabağ münaqişəsi illər boyu qəsdən “dondurulmuş” münaqişə kimi təqdim olunurdu. Diplomatlar stereotipləşmiş və əvvəlcədən hazırlanmış ifadələrlə çıxış edir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə durğunluq mərhələsinə daxil olmuşdu. Halbuki reallıqda bu zahiri sabitliyin fonunda gərginlik səngimirdi.

E.Ənvəroğlunun fikrincə, aprel eskalasiyası səbəbsiz baş verməmişdi. Bundan əvvəl Ermənistan tərəfinin keçmiş təmas xəttində və işğal olunmuş ərazilərdə davamlı təxribatları müşahidə olunurdu. Atəşkəs pozuntularının artması, Azərbaycan mövqelərinin intensiv şəkildə atəşə tutulması və status-kvonun həll olunmaq əvəzinə istismar edilməsi açıq şəkildə görünürdü. Bu, Bakı üçün səbrin tükəndiyini göstərirdi. Cəmi dörd gün ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı nümayiş etdirərək dünya ictimaiyyətini təəccübləndirdi. Daha önəmlisi isə münaqişə ilə bağlı ən davamlı miflərdən biri, - Ermənistanın “müdafiə xətlərinin sarsılmazlığı”, - dağıdıldı.

“Çox təriflənən və “keçilməz” kimi təqdim olunan istehkamlar, o cümlədən “Ohanyan səddi” əslində şişirdilmiş bir təsəvvür idi. Bu baxımdan Aprel döyüşləri yalnız taktiki uğur deyil, eyni zamanda, Ermənistan tərəfi üçün ciddi psixoloji sarsıntı oldu. Bu hadisələr açıq şəkildə göstərdi ki, mövcud status-kvo nə sabitdir, nə də davamlı”, - deyə E.Ənvəroğlu bildirib.

O qeyd edib ki, Aprel döyüşlərinin Azərbaycanda yaratdığı təsir daha dərin olub. Uzun illər nəticəsiz qalan danışıqlardan sonra bu hadisələr ictimai inamın bərpasına səbəb oldu. “Cəmiyyət üçün əsas mesaj aydın idi: işğal dəyişməz reallıq deyil, “mümkünsüz” anlayışı mövcud deyil və əgər diplomatik yollar nəticə vermirsə, bu vəziyyət hərbi vasitələrlə dəyişdirilə bilər. Bu dörd günün ən mühüm nəticəsi yalnız həmin dövrdə əldə edilən uğurlarla məhdudlaşmırdı. Aprel döyüşləri gələcəkdə baş verəcək proseslərin bir növ göstəricisi idi. Bu hadisələr sonradan İkinci Qarabağ müharibəsinin nəticəsini müəyyən edən taktika, texnologiya və komanda idarəetmə baxımından sınaq platformasına çevrildi. Azərbaycan bu prosesdən istifadə edərək hərbi imkanlarını qiymətləndirdi, doktrinasını təkmilləşdirdi və Silahlı Qüvvələr daxilində koordinasiyanı gücləndirdi”, – deyə E.Ənvəroğlu vurğulayıb.

Onun sözlərinə görə, cəmi dörd il sonra 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda qüvvələr balansını qəti şəkildə dəyişdirdi. “Uzun müddət həll olunmadan qalan münaqişələr “dondurulmuş” vəziyyətdə qalmır. Belə münaqişələr zaman keçdikcə inkişaf edir, daha da sərtləşir və nəhayət, partlayış nöqtəsinə çatır. Bu baxımdan dördgünlük müharibə bir xəbərdarlıq idi və təəssüf ki, bu xəbərdarlıq bir çoxları tərəfindən nəzərə alınmadı”, – deyə siyasi şərhçi qeyd edib.

Müxbir - Səbinə Əlizadə

Seçilən
47
1
azertag.az

2Mənbələr