AZ

Ermənistan Rusiya münasibətlərində növbəti gərginlik: Putin Paşinyan görüşünün PƏRDƏARXASI

ain.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri və Kreml rəhbəri Vladimir Putinlə görüşü iki ölkə münasibətlərinin hazırkı vəziyyətini və regiondakı geosiyasi dinamikanı bir daha ön plana çıxardı. Rəsmi gündəlikdə təhlükəsizlik, ikitərəfli münasibətlər və iqtisadi əməkdaşlıq məsələləri dayansa da, görüş çərçivəsində formalaşan polemika daha geniş kontekstdə, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik və Rusiya-Qərb qarşıdurmasının regiondakı əks-sədası fonunda diqqət çəkdi.

Kreml görüşündə Putinin çıxışlarında iqtisadi arqumentlərin ön plana çəkilməsi də təsadüfi deyildi. Rusiyanın Ermənistana göstərdiyi dəstək, xüsusilə, qazın aşağı qiymətlərlə satılması, ticarət dövriyyəsinin 6 milyard dolları ötməsi və bu artımda reeksportun (təkrar ixrac) roluna eyham vurulması Moskvanın İrəvana yönəlik narazılığını ortaya qoydu. Bu kontekstdə Ermənistanın Qərbə doğru siyasi istiqamətlənməsi ilə bağlı səsləndirilən fikirlər isə daha çox siyasi mesaj və xəbərdarlıq kimi qiymətləndirilə bilər.

Görüşdəki ritorikanın diqqətçəkən məqamlarından biri də polemikanın Ermənistanda formalaşan seçkiqabağı mühitlə əlaqələndirilməsidir. Seçki ərəfəsində ölkədaxili gərginliyin artdığı bir dövrdə Putinlə Paşinyan arasında dialoqun sərtləşməsi də bundan xəbər verir. Putin həbsdə olan bəzi siyasətçilərin azadlığa buraxılması və onların seçkidə iştirakına şərait yaradılması ilə bağlı təklifi, Paşinyanın isə öz növbəsində yalnız Ermənistan vətəndaşlarının seçki prosesində iştirak edə biləcəyini vurğulayaraq, Rusiya vətəndaşlığı olan şəxslərin bu prosesdən kənarda qalmalı olduğunu bildirməsi, tərəflər arasında siyasi baxışların toqquşduğunu açıq şəkildə nümayiş etdirdi. Bu isə Rusiyanın Ermənistanda mümkün hakimiyyət dəyişikliyində maraqlı olduğunu göstərir. Bu da Moskvanın İrəvanın daxili siyasi proseslərinə təsir göstərmək cəhdidir.

Digər tərəfdən, proseslərdə yalnız Rusiyanın deyil, Qərbin də aktiv rol oynadığı müşahidə edilir.

Digər ölkələrdə siyasi proseslərə insan haqları prizmasından yanaşan Qərbin Ermənistandakı gərginliyə və proseslərə yumşaq yanaşması da bundan qaynaqlanır. Elə bunun nəticəsidir ki, bu gün Ermənistan Rusiya ilə Qərb arasında plasdarm rolunu oynayır. Beləliklə, Ermənistan hazırda Rusiya ilə Qərb arasında rəqabətin əsas platformalarından birinə çevrilib. Əgər bu qarşıdurmanın "isti fazası" Ukraynada müşahidə olunursa, "soyuq fazası" məhz Ermənistan üzərindən davam etdirilir. Burada siyasi təsir, iqtisadi alətlər və informasiya mühiti vasitəsilə rəqabət aparılır.

Bu mürəkkəb geosiyasi fon qarşısında Azərbaycanın mövqeyi daha aydındır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslı və praqmatik xarici siyasət kursu ölkənin müxtəlif güc mərkəzləri ilə paralel və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmasına imkan yaradır. Bu siyasət Azərbaycanın regional proseslərdə müstəqil aktor kimi çıxış etməsini təmin edir və milli maraqların qorunmasına xidmət edir. Bakı nə Rusiya-Qərb qarşıdurmasının bir tərəfinə açıq şəkildə qoşulur, nə də geosiyasi rəqabətin alətinə çevrilir. Nəticə etibarilə, Ermənistanın böyük güclər arasında qarşıdurma meydanına çevrildiyi bir vaxtda Azərbaycanın seçdiyi müstəqil və balanslı siyasət modeli region üçün fərqli yanaşma ortaya qoyur. Bu model həm risklərin minimallaşdırılmasına, həm də milli maraqların maksimum dərəcədə təmin olunmasına xidmət edir və mövcud geosiyasi şəraitdə daha dayanıqlı strategiya kimi ön plana çıxır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
50
oxu.az

10Mənbələr