AZ

27 il 7 ay 23 günlük işğalın başlandığı tarix – 2 aprel Kəlbəcərin işğalı

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 33 il keçdi. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Qarabağ müharibəsi başlayandan sonra iki tərəfdən mühasirədə olub. 1992-ci ilin mayında Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlanıb və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Azərbaycanın o dövrdə ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. İşğal 27 il 7 ay 23 gün davam etdi. 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 günlük müharibədə Ermənistan ordusu diz çökdürüldü. Dünya müharibə tarixində çox nadir hallarda rast gəlinən uğura məhz Azərbaycan Ordusu, onun Ali Baş Komandanı imza atdı. 44 günlük Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ermənistan ordusu diz çökdürüldü və Ermənistan Kəlbəcər, Laçın, Ağdam rayonunu döyüşsüz Azərbaycana geri qaytarmağa məcbur oldu. Ermənistan hərbi əməliyyatların dayandırılması üçün yalvardı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şərtinə razılaşdılar.

Azad Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Kəlbəcər sakinlərinin öz doğma yurdlarına qayıdışı həyata keçirilir. Azərbaycan dövlətinin ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır. Kəlbəcərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov bildirib ki, 2 aprel 1993-cü il tarixi sadəcə bir gün deyil, bu tarix bir yurdun susdurulan səsi, bir xalqın sinəsinə çəkilən dərin yara, bir millətin yaddaşına həkk olunan ağrıdır: “O gün yalnız torpaq işğal olunmadı. O gün anaların yuxusu yarımçıq qaldı, uşaqların gülüşü susdu, ocaqlar söndü… Kimisi evinin qapısını son dəfə bağladı, kimisi heç bağlaya bilmədi, kimisi dönəcəyinə ümid etdi, kimisi isə içində bir ağrı ilə bildi ki, o qayıdış çox uzaqdadır. İllər keçdi, zaman yaraları sağaltmadı, sadəcə üstünü örtdü. Amma o ağrı, o nisgil, o həsrət heç vaxt dinmədi və biz unutmadıq, unutmarıq da.

Artıq Kəlbəcər azaddır, bir vaxtlar məcburən tərk edilmiş, kimsəsiz qalan o yerlər indi yenidən ayaq səslərini tanıyır. O torpağa qayıdan ilk addımlar sadəcə torpağa basılan ayaq deyildi, onlar illərin həsrətinə çəkilən xətt idi, “Buradayıq…” deyən bir səssiz qışqırıq idi. İndi o torpaqda yanan hər ocaq gələcəyin işığını yandırır, tikilən hər ev sadəcə divar deyil, bir ailənin yarım qalan hekayəsinin davamıdır, açılan hər məktəb sadəcə təhsil ocağı deyil bir xalqın sabaha yazdığı ümid məktubudur. Biz sadəcə torpağa qayıtmadıq, biz özümüzə qayıtdıq. Çünki insanın yurdu yoxdursa, ürəyi də yarım qalır. Kəlbəcər artıq yalnız bir xatirə deyil, o, yaşayan bir möcüzədir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr