AZ

Molukka dənizindəki güclü zəlzələdən sonra bir neçə ölkə üçün sunami xəbərdarlığı elan edilib

Pekin, 2 aprel, AZƏRTAC

İndoneziyanın şərqindəki Molukka dənizində baş verən güclü zəlzələdən sonra təxminən 1000 kilometr radiusda sunami təhlükəsi barədə xəbərdarlıq elan edilib.

AZƏRTAC xəbər verir ki, ABŞ Geologiya Xidməti zəlzələdən sonra dənizdə yaranan dalğaların İndoneziya, Filippin və Malayziya sahillərinə çata biləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Geologiya Xidməti İndoneziyanın Şimali Maluku əyalətindən təxminən 120 kilometr məsafədə dənizdə 7,8 bal gücündə zəlzələ olduğunu açıqlayıb. Yeraltı təkan yerli vaxtla səhər 5:48-də (Bakı vaxt ilə 2:48) qeydə alınıb. Xidmət sonradan zəlzələnin 7,4 bal gücündə olduğunu açıqlayıb.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi isə zəlzələnin 7,6 bal gücündə olduğunu bildirib. Agentlik ölkənin Şimali Maluku və Şimali Sulavesi əyalətləri üçün zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib. Yerli hakimiyyət orqanlarına sahil zonasında yaşayan əhalini təxliyə etmək tövsiyə olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
65
2
azertag.az

3Mənbələr